Bakı Nəqliyyat Agentliyinin avtobuslarda gedişhaqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciəti olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Bununla belə o, şərnişindaşıma fəaliyyəti ilə məşğul olan müxtəlif daşıyıcılar tərəfindən agentliyə müraciətlərin daxil olduğunu bildirib:
“Tarif Şurasının bu qərarı ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşısının alınmasına, eyni zamanda avtobus parklarının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə isə bu sahədə xidmət səviyyəsinin artmasına müsbət təsir göstərəcək. Bilirsiniz ki, bu gün ictimai nəqliyyatda sərnişinləri və bizi narahat edən məqamlar var. Həmin məqamların kökündə məhz istehsalat bazalarının, istismarda olan nəqliyyat vasitələrinin sərnişindaşıma ilə bağlı qoyulan tələbələrə uyğun olmaması dayanır. Sizin vasitənizlə sərnişindaşıma ilə məşğul olanların diqqətinə bir daha çatdırmaq istəyirəm ki, Tarif Şurasının bu qərarı məhz onların işində müsbət dəyişikliyə gətirib çıxarmalıdır. Əgər qiymət artımı varsa, mütləq şəkildə xidmətin yüksəldilməsi də olmalıdır”.
M.Ağayev onu da bildirib ki, hazırda Bakı Nəqliyyat Agentliyi müxtəlif marşrut xətləri üzrə qiymətlərin müəyyənləşdirilməsi üzərində işləri yekunlaşdırır:
“Dünən axşamdan və bu gün səhər saatlarından etibarən agentlikdə bu istiqamətdə işlər aparılır. Yəni, hansı marşrut avtobusu üzrə qiymət konkret nə qədər olacaq. Çünki bildiyiniz kimi bu məsələdə qiymətlər kilometrlərə uyğun formalaşdırılacaq. Yəqin ki, yaxın saatlarda artıq konkret marşrut xətləri üzrə gedişhaqları ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılacaq. Artıq sabahdan yeni tariflərlə gedişhaqlarının ödənilməsinə başlanılacaq”.
Agentlik sözçüsü bu gün daşıyıcılarla iclas keçiriləcəyini və artıq müəyyənləşdirilmiş yeni qiymətlərin daşıyıcıların diqqətinə çatdırılacağını vurğulayıb.