Robert Köçəriyanı nə məhkəmə, nə də İrəvanda hakimiyyəti ələ keçirən insanlar həbsdən çıxarıb. Onu azadlığa Moskva buraxıb. Bunu Ermənistanda hər kəs bilir. Moskvanın ermənilər haqqında olan illüziyaları da getdikcə darmadağın olur.
Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Ağayev Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəriyanın azadlığa buraxılmasını şərh edərkən deyib.
O, bildirib ki, Ermənistanın Baş naziri Paşinyan və onun ətrafında olan qüvvələr artıq Moskva ilə yollarını ayırdığını nümayiş etdirir:
“Yəni onların yolu Qərb istiqamətindədir. Köçəriyan da Moskvanın Ermənistanda olan ən etibarlı adamıdır. Sözsüz ki, başqaları da var. Paşinyan və komandası Köçəryanı izolyasiyaya salmaqla faktiki Ermənistandakı rusiyapərəst siyasətçilərə göstərdilər ki, zaman dəyişilib, artıq Ermənistan üzünü qərbə tutub və irəliləyəcək. Moskva da özünə xas olmayan hadisələr özünü göstərir. Açıq nümayiş etdirirlər ki, belə olmayacaq. Açıq deyirlər ki, Ermənistanı Moskva yaradıb, sizin taleyiniz Moskva ilə birg olmaqdan asılıdır və Köçəriyan azad olunmalıdır. Mənim Moskvada olan erməni tanışım deyirdi ki, indiki erməni hakimiyyətinə bağlı şəxslər küçələrdə açıq deyirlər ki, biz Moskva ilə qurtarmışıq, üzümüzü qərbə tutacağıq, oradan dəstək alıb Qarabağı saxlayacağıq, Türkiyə ilə də sərhəd problemini həll edəcəyik. Beləcə Ermənistan Yaxın Şərqdə güclü və müstəqil dövlətlərdən biri olacaq. Yəni biz Moskvanın nəzarətindən çıxırıq. Ermənistandan belə söhbətlər gedir. İndi söhbət ondan gedir ki, Paşinyan və komandasının siyasi hakimiyyəti nə qədər çəkəcək”.
Mütəxəssis vurğulayıb ki, Köçəriyanın həbsdən azadlığa çıxması Rusiyanın tələbindən sonra baş verib:
“Onu həbs etmək faktiki Moskvaya sataşmaq idi. Bir var sən mənim adamımın siyasətə daxil olmasına imkan vermirsən, ona maneə olursan. Bir də var onu həbsxanaya salıb mənim oradakı mövqeyimi zəiflədirsən. Köçəriyanın azadlığa çıxması onun hakimiyyətə gətirilməsi ilə bağlı deyil. Rusiyanın orada özünün adamları, agenturası, siyasi qüvvələri var. Sadəcə Ermənistan Paşinyanın yolu ilə getsə vəziyyəti güclü şəkildə zəifləyəcək”.
Politoloq bildirib ki, hazırda Serj Sərqsiyanın da vəziyyəti pis olacaq:
“Hazırda onu istintaqa dəvət ediblər. Nəzərə almaq lazımdır ki, Ermənistanda hakimiyyəti götürən qüvvələr özbaşına deyillər. Onlar faktiki olaraq Qərbin adamlarıdır, onların sözü ilə oturub-dururlar. Konkret ABŞ-ın dediyi ilə. İrəvanda hər kəs bilir ki, bu adamlar gecə-gündüz ABŞ səfirliyində qonaqlıqda olurdular. ABŞ-ın Ermənistandakı səfirliyi Yaxın Şərqdə ən böyük səfirlikdir, mindən çox əməkdaşı var. Səfirliyin əməkdaşlarının çoxu da ABŞ erməniləridir. Orada faktiki hakimiyyət zəifləyib, real hakimiyyət ABŞ səfirliyinin əlindədir. Təbii ki, rusların da adamları var, amma onlar səslərini çıxara bilmirlər. Açıq deyə bilmirlər ki, Ermənistanın gələcəyi Rusiya ilə bağlıdır”.