Mehriban xanım Əliyeva uzun illərdir ki, Prezident İlham Əliyevlə birlikdə müasir Azərbaycan dövlətinin quruculuğunda yaxından iştirak edir. Mehriban xanım I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ona həvalə edilmiş bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Mehriban xanım Əliyevanın bu günə qədər olan fəaliyyəti sübut edir ki, o, möhtərəm prezident İlham Əliyevlə birlikdə Azərbaycanın daha sürətlə inkişaf etməsi istiqamətində aparılan şərəfli işi davam etdirəcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputatın sözlərinə görə, birinci vitse-prezidentin dövlət və xalq qarşısında mühüm xidmətləri var: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə olunmasında, təhsil, səhiyyə, mədəniyyətimizin bütün sahələrində müxtəlif layihələrin həyata keçirilməsində misilsiz rola malikdir. Mehriban xanım birinci növbədə məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə nail olub. 12 il ərzində Milli Məclisə deputat seçildiyi Xəzər rayonunda onun təşəbbüsü ilə həyata keçirilmiş sosial layihələr nəticəsində rayondakı qəsəbələr tanınmaz dərəcədə dəyişib, genişmiqyaslı tikinti-abadlıq işləri həyata keçirilib. Mehriban xanım Milli Məclisin üzvü olduğu zaman Amnistiya aktının qəbul edilməsi ilə bağlı dəfələrlə parlamentə müraciət edib və bu aktların qəbul edilməsi nəticəsində minlərlə məhkum azadlığa çıxıb”.
Rauf Əliyev qeyd edib ki, Mehriban Əliyevanın çoxsahəli fəaliyyətinin bir istiqaməti də idmanla bağlıdır: “Təşkilat komitəsinin sədri kimi Mehriban xanımın rəhbərliyi ilə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları, eləcə də 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil edilib və bu oyunların Azərbaycan standartları müəyyənləşib. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva idmanın bu növünün inkişafını həmişə diqqət mərkəzində saxlayır, gimnastika üzrə əldə olunan nailiyyətlərdə onun xidmətləri əvəzolunmazdır. Mehriban xanım Heydər Əliyev Fondunun Prezidenti kimi yorulmadan bütün Avropa dövlətlərində Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edir. Belə tədbirlərin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə daha yaxından tanınmasında böyük rol oynayır”.
Millət vəkili qeyd edib ki, Mehriban Əliyeva həm də Azərbaycan prezidentinin ən yaxın silahdaşıdır: “Tam əminliklə demək olar ki, Mehriban xanım bundan sonra da dövlət başçısı ilə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün vəzifələri şərəflə yerinə yetirəcək”.