Elmar Vəliyevin Gəncənin abadlıq və quruculuq işlərində böyük əməyi var. Onun dövründə şəhər abadlaşdı, müxtəlif obyektlər işə salındı, yeni iş yerləri açıldı. Amma ona qarşı sui-qəsd cəhdindən sonra sağlamlığı ilə məşğul olmasına böyük ehtiyac yarandı. Son videolardan göründüyü kimi, sağalma prosesi uğurla gedir. Bununla belə müəyyən müddət sağlamlığının bərpasına ehtiyac var. Bu müddətdə ölkənin ikinci böyük şəhərinin, müstəqil Azərbaycanın birinci paytaxtının rəhbərsiz qalması mümkün deyildi.
Bu sözləri Teleqraf.com-a açıqlmasında Milli Məclisin deputatı Aydın Mirzəzadə prezidentin sərəncamı ilə Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi və digər sərəncamla Mingəçevirin icra başçısı Niyazi Bayramovun Gəncənin başçısı vəzifəsinə təyin olunmasını şərh edərkən deyib.
Millət vəkilinin fikrincə, qısa zamandan sonra Elmar Vəliyevin sağlamlığına tam qovuşaraq yenidən aktiv fəaliyyətə başlayacağına heç bir şübhə yoxdur: “Onun başqa sahələrdə də özünü yüksək səviyyədə göstərəcəyinin şahidi olacağıq. Mingəçevir şəhərinin icra başçısı Niyazi Bayramovun Gəncəyə icra başçısı kimi təyinatı isə cənab prezident tərəfindən böyük etimaddır. Niyazi müəllimi şəxsən tanıyıram, onun başçı kimi etimadı doğrultmasını, müxtəlif sahələrdə böyük təcrübəsini, insanlarla ünsiyyət qurmaq bacarığını, Mingəçevir və Gəncənin bir zonada yerləşdiyi üçün problemlərin əsasən eyni olduğunu nəzərə alsaq, hesab edirəm ki, təyinat tamamilə düzgündür”.
Aydın Mirzəzadənin sözlərinə görə, Niyazi Bayramov demokratik düşüncəli, xaraktercə sakit və təmkinli, ziyalı insandır: “O, insanları dinləməyi bacarır, hər bir fikrə hörmətlə yanaşır, komanda fəaliyyətinə üstünlük verir, sosial problemlərin həllinə böyük diqqət yetirir. Bu baxımdan Gəncədə bundan sonra da abadlıq-quruculuq işlərinin aparılması, yeni iş yerlərinin yaradılması, sosial layihələrin həyata keçirilməsində Niyazi Bayramovun təcrübəsinə ehtiyac var. Qısa zamanda Niyazi Bayramovun hörmət qazanacağına, gəncəlilərin sevimlisinə çevriləcəyinə heç bir şübhəm yoxdur”.