7 Sentyabr 2018 18:13
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri siyasi, iqtisadi, mədəni, humanitar, təhlükəsizlik sahəsində əlaqələrimizin inkişafı üçün geniş perspektivlər açır. Azərbaycanın dövlət başçısı səfər zamanı həmkarı ilə birgə ölkələrimiz arasında münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq əlaqələri kimi xarakterizə etdi. Bu o deməkdir ki, fundamental məsələlərdə ortaq mövqedən çıxış edirik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib.

Deputat qeyd edib ki, Azərbaycanın xarici siyasəti balanslı, çoxvektorlu və tarazlaşdırılmış siyasətdir: “Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Azərbaycan Prezidenti İlham Əliyev isə bu siyasəti sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir, həmin siyasətə hücum taktikası da əlavə edib.

Azərbaycan dövlət başçısının müəyyən etdiyi xarici siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır.

İkitərəfli münasibətlər yüksək səviyyədə olanda üçtərəfli, dördtərəfli, bütövlükdə çoxtərəfli münasibətlər də dinamik inkişaf edir. Məsələyə bu məntiqlə yanaşanda Azərbaycan-Xorvatiya münasibətləri strateji tərəfdaşlıq kontekstində qurulub. Siyasi dialoq, ticari, iqtisadi, qeyri-neft sektorunda münasibətlər, nəqliyyat, enerji təhlükəsizliyi sferasında əlaqələrimiz üçün geniş imkan və potensial var ki, ondan geniş istifadə olunur.

Xüsusilə siyasi dialoq sahəsində münasibətlər dinamik inkişaf tempinə malikdir. 2013-cü ildə Azərbaycan prezidentinin Xorvatiyaya səfəri strateji tərəfdaşlıq münasibətləri ilə bağlı birgə bəyanatın qəbulu ilə nəticələndi. Eyni zamanda 2016-cı ilin oktyabrında Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçin Azərbaycana səfəri bir daha nümayiş etdirdi ki, bir çox strateji istiqamətlər üzrə mövqelərimiz üst-üstə düşür.

Bu münasibətlər təkcə ikitərəfli formatda deyil, həm də Avropa İttifaqı və NATO çərçivəsində dinamik inkişaf tempinə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin budəfəki səfəri həmin münasibətlərin növbəti mərhələyə qalxması üçün geniş imkanlar açdı. Mədəniyyət nazirliklərinin, eləcə də Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiyanın müvafiq qurumu arasında imzalanan sənədlər qeyri-neft sektorunda əlaqələrimizin inkişafı üçün yeni üfüqlər müəyyən etmiş oldu”.

Elman Nəsirli Xorvatiya prezidentinin 6 gəminin alınmasında maraqlı olduğunu və əczaçılıq sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcudluğu barədə çıxışını xatırladıb: “Xorvatiya Mərkəzi Asiya, həm də Xəzər hövzəsi regionuna daxil olmaqla tibb sahəsində əlaqələrini inkişafını istəyir”.

Xorvatiyanın informasiya texnologiyaları sahəsində təcrübəsinin olduğunu söyləyən deputat qeyd edib ki, bu təcrübənin Azərbaycanla paylaşmaq niyyəti ortaya qoyulub. Elman Nəsirlinin fikrincə, biznes qurumları arasında təmasların daha da genişlənməsi diqqət mərkəzində saxlanılıb.

Millət vəkili vurğulayıb ki, Azərbaycan prezidentinin Xorvatiyaya səfəri zamanı NATO və Avropa İttifaqı ilə bağlı münasibətlərə xüsusi diqqət ayrılmasının vacibliyi vurğulanıb: “Cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirir. NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarında 120 hərbi kontingentimiz iştirak edir və biz Əfqanıstandakı sülh prosesinə töhfələr vermişik, hava məkanı və tranzit olaraq imkanlarımızdan istifadə üçün NATO-ya şərait yaradırıq.

Eyni zamanda Azərbaycan Avropa İttifaqı çərçivəsinə də Xorvatiya ilə əlaqələrin inkişafında maraqlıdır. Xorvatiya çox gözəl bilir ki, Azərbaycan Avropanın enerji təminatında yeganə, yeni alternativ enerji mənbəyidir, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan 7 ölkə ilə birbaşa əməkdaşlıq edir. Monteneqro, Bosniya və Herseqovina, eləcə Xorvatiya da bu prosesə qatılmaq niyyətini ortaya qoyub. Gələcəkdə İtaliyanın cənubunda Xorvatiya istiqamətində İonik-Adriatik qaz boru kəmərinin işə düşməsi sahəsində də Azərbaycanla əməkdaşlıq məsələləri ciddi müzakirə predmetinə çevrilib”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər