11 Sentyabr 2018 23:57
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı son günlər bir-birinin ardınca sərsəm bəyanatlar verməkdədir. Biz bu adamın durumunu yaxşı başa düşürük. O, təlaş içindədir.

Teleqraf.com xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, N.Paşinyanın bu cür bəyanatlar verməsinin qarşısını almağın yeganə yolu işğal olunmuş ərazilərimizdə hərbi əməliyyatlar aparmaqdan keçir:

“Əks halda onlar Kəlbəcərin “İstisu”yundan içib Laçından Xankəndiyə yeni yol çəkəcək, Zəngilanda kilsə, Qubadlıda məktəb, Şuşada yaşayış evləri tikdirib bunu da sosial şəbəkələr vasitəsilə bizə göstərəcəklər. Erməni separatçıları Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər ərazilərimizdə bir dəqiqə də olsun rahat yaşamamalıdır. Onlar yaddan çıxarmamalıdır ki, bu torpaqlar onların deyil, onlar bu torpaqlarda müvəqqəti yaşayır. Onlar hər an ölümlə üzləşə biləcəyi bir dərdlə üz-üzə qalmalıdır. Bu rahatsızlığı biz onlara “bəxş etməliyik”. Biz bunu müharibə yaşamış ölkələrin keçdiyi sınanmış yolla etməliyik. Bu, partizan hərəkatıdır”.

F.Yusifov deyib ki, bunu bizə heç kim qadağan edə bilməz:

“Dağlıq Qarabağ probleminin həlli mütləq böyük müharibədən keçəcək. Çünki tarixdə sülh yolu ilə torpaq qaytarılması təcrübəsi demək olar ki, olmayıb. Böyük müharibənin başlayacağı uyğun məqama qədər biz işğal altında olan torpaqlarımızda yaşayan ermənilərə rahat yaşam şəraiti verməməliyik. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, nə qədər qəhrəman, cəsur oğullarımız var. Aprel döyüşləri zamanı ölkəmizin daxilində və xaricində minlərlə azərbaycanlı Ali Baş komandanın bir əmri ilə silaha sarılmağa hazır olduğunu bəyan etdi. Bu ruh yüksəkliyi bizim qələbəmizin təməl daşıdır. Ondan istifadə etmək lazımdır. Bu gün vətəni sevən oğullar bir çağırışa bənddir. Buna heç kimin şübhəsi olmasın. Yetər ki, bu hərəkata qoşulanların və onların ailə üzvlərinin zəruri hesab edilən bütün ehtiyacları təmin edilsin”.


Müəllif: Səxavət

Oxşar xəbərlər