18 Sentyabr 2018 21:49
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçi görüşü Rusiya-Türkiyə münasibətlərində uzun müddətdir davam edən inkişafın önündə hazırkı mərhələdə ən əhəmiyyətli problemin aradan qaldırılmasına nail olunduğu görüş kimi qiymətləndirilə bilər.

Bunu Rusiya və Türkiyə prezidentləri – Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın sentyabrın 17-də Soçidə keçirdikləri görüşü şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik Nazim Cəfərsoy deyib.

O qeyd edib ki, Rusiya-Türkiyə münasibətləri son illərdə ayrı bir impuls əldə edib:

“Rusiya-Türkiyə münasibətlərinin həm qlobal, həm regional, həm də daxili kontekstdə istiqamətlərini görmək mümkündür. Ən əhəmiyyətli məsələlərdən biri Suriya məsələsidir. Suriya məsələsində İranın da iştirak etdiyi bir əməkdaşlıq konteksti – “Astana prosesi” var. Türkiyə ilə Rusiya Suriya məsələsini zaman-zaman müzakirə edirdilər. Amma son vaxtlar bu istiqamətdə bir problem ortaya çıxmışdı. Bu problem də İdlib məsələsi idi.

Xüsusən, sentyabrın 7-də Tehranda keçirilən Rusiya-Türkiyə-İran sammitində də İdlib məsələsinə yanaşmada ciddi fərqlər meydana çıxdı. Soçidə keçirilən görüş də bu problemin həllinə yönəldilmişdi. Ancaq mən əvvəlki şərhlərimdə də bildirmişdim ki, Rusiya-Türkiyə münasibətləri bu qədər inkişaf etdiyi üçün İdlib məsələsinin münasibətlərdə böyük bir maneəyə çevrilmə ehtimalı azdır. Yəni, düşünürdüm ki, risklər var, amma problem olmayacaq”.

N.Cəfərsoy bildirib ki, əldə edilən razılaşmanı “tamamilə Türkiyə qazandı”, yaxud “tamamilə Rusiya qazandı” kimi şərh etmək yanlışdır:

“Ancaq İdlib məsələsində tərəflər hər iki tərəfin mövqeyini nəzərə alan əməkdaşlıq kontekstini inkişaf etdirməyə başladıqlarını rəsmən açıqladılar. Beləcə İdlib məsələsində mümkün gərginliyin, yaxud qəzanın əngəllənməsini müşahidə etdik”.

Politoloq əlavə edib ki, çox maraqlı bir tendensiya yaranıb:

“Suriyada dövriyyəyə girən, əməkdaşlıq edən artıq iki kontekst var. Xüsusən, Menbiçdə rus, amerikan və türk hərbçiləri ortaq dövriyyəyə gəldilər, ortaq nəzarət funksiyaları həyata keçirdilər. Bənzər durumun İdlibdə olacağını görəcəyik. Yəni, buna bənzər bir yaxınlıq bu dəfə ruslarla türklər arasında olacaq. Türkiyə Suriyada həm ABŞ-la, həm də Rusiya ilə əməkdaşlığın nümunəsini verməyə başladı. Bu mənada diqqət cəlb edən bir məqamdır”.

N.Cəfərsoy qeyd edib ki, eyni zamanda görüş zamanı İdlibdən radikal ünsürlərin, terrorçuların zərərsizləşdirilməsi, regiondan çıxarılması məsələləri gündəmə gəlib və bu məsələdə də əməkdaşlıq ediləcək:
“Əslində bu, daha çox Rusiyanı narahat edən məqamdır. Çünki Rusiya tərəfi İdlibdə yerləşən terrorçuların əhəmiyyətli hissəsinin postsovet məkanından gedənlər olduğunu bilir. Rusiya onların İdlibdən, yaxud Suriyadan kənara çıxmasını istəmir, orda tamamilə məhv edilməsinə çalışırdı. Ancaq bu məsələ üzrə də işlərin birgə həyata keçiriləcəyi ilə bağlı dövlət başçılarının birgə bəyanatında ciddi işarələr var. Türkiyə hər zaman 15-20 kilometrlik təhlükəsizlik zolağından bəhs edirdi. Bu məsələ də tərəflərin razılaşmasında yer aldı”.

Politoloq dövlət başçılarının görüşündə enerji, hərbi, mədəni sahələrdə ikitərəfli əməkdaşlıq edilməsi məsələlərinin də müzakirə olunduğunu söyləyib:

“Tərəflər bu sahələrdə əməkdaşlıq edəcəklərini təkrar bəyan etdilər. Ancaq ən maraqlı, ən diqqət cəlb edən məsələ İdlibdə əməkdaşlıq prosesinin ortaq şəkildə davam etdiriləcəyindən ibarət idi. Bir daha qeyd etmək istəyirəm ki, Soçi görüşündə hər iki tərəfin yüz faiz qazandığı deyil, ancaq hər iki tərəfin qazandığı bir kontekstin gündəmə gəldiyini demək mümkündür”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər