Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi və ticarət münasibətlərini müzakirə edib, regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıblar.
Görüş zamanı E.Məmmədyarov Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Macarıstanın “Komandir Xaçı Ləyaqət Ordeni” ilə təltif olunub. Mükafatı azərbaycanlı həmkarına təqdim edən P.Siyarto ikitərəfli münasibətlərin inkişafına verdiyi dəyərli töhfəyə görə E.Məmmədyarova təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin, xüsusilə də iqtisadi və enerji sahələrində əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.
E.Məmmədyarov Macarıstan nazirinə mükafata görə təşəkkür edərək, bunu Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həvəsləndirici amil kimi dəyərləndirib.