Bu gün Bakıda keçirilən Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı sıradan bir hadisə deyil.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, politoloq Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, xarici bir ölkənin xarici işlər naziri Asiya qitəsində olan səfirlərlə məhz Bakıda görüş keçirir:
“Bu görüşü o, Asiyanın istənilən ölkəsinin paytaxtında çox böyük uğurla keçirə bilərdi. Amma Azərbaycanın bu gün beynəlxalq aləmdə siyasi nüfuzu, Fələstin-İsrail məsələsinə çox böyük həssaslıqla yanaşması, Qüds probleminin həllində Fələstin xalqının maraqlarını müdafiə etməsi diqqətdən yayınmır. Hesab edirəm ki, Fələstinin Asiya ölkələrindəki səfirlərinin toplantısının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzundan xəbər verir”.
A.Mirzəzadə əlavə edib ki, Azərbaycan artıq beynəlxalq görüşlərin mütəmadi olaraq keçirildiyi, etimad qazandığı bir ölkədir:
“Belə bir görüş keçirmək həmin ölkənin siyasi nüfuzundan xəbər verir. Eyni zamanda həmin ölkənin təhlükəsizliyin təmin edilməsi bacarığının, görüşü təşkil etmək üçün böyük texniki imkanlara malik olmasının göstəricisidir. Bunların hamısı isə var. Hesab edirəm ki, belə bir görüşün Bakıda keçirilməsi Azərbaycanın həm beynəlxalq birlikdəki siyasi nüfuzundan, həm də İslam Əməkdaşlıq Təşkilatında qazandığı böyük hörmətdən xəbər verir”.
Qeyd edək ki, bu gün Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı keçirilib. Tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-nazir Mouin Elias Yusif Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər edib.