Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov noyabrın 5-də BMT-nin Humanitar Məsələlərin Əlaqələndirmə Ofisinin (UN OCHA) Fövqəladə vəziyyətlərdə cavablandırma mərkəzinin və Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Müller və İNSARAG-ın Avropa, Afrika və Yaxın Şərq üzrə əlaqələndiricisi Olqa Prorovskaya ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, qonaqları salamlayan nazir Kəmaləddin Heydərov nazirliyin beynəlxalq təşkilatlarla, xüsusən də BMT ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb, birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin təşkilatçılığı ilə bu gün Bakıda işə başlayan “INSARAG–2018” xilasetmə dəstələrinin idarə edilməsi kursuna uğurlar arzulayan nazir bu tədbirin də birgə əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Qonaqlar Fövqəladə Hallar Nazirliyinin BMT-nin müxtəlif qurumları, o cümlədən BMT-nin Humanitar Məsələlərin Əlaqələndirmə Ofisi ilə münasibətlərinin mövcud vəziyyətindən məmnun olduqlarını bildirib və səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Birgə əməkdaşlıq çərçivəsində Bakıda təşkil olunan budəfəki kursun FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsində böyük rol oynayacağını qeyd ediblər.