İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb.
Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə İsveç-Azərbaycan əlaqələrinin tarixindən söz açan mərkəzin rəhbəri Aleksandr Husebye məşhur “Nobel qardaşları” neft istehsalı şirkətinin ölkəmizdə fəaliyyətindən danışaraq, bununla bağlı kitabın hazırlandığını və 2020-ci ildə işıq üzü görəcəyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qəbula görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi qurum və onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi-tarixi araşdırmalar böyük maraq doğurur.
“Nobel qardaşları” neft istehsalı şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan F.Muradov bu barədə kitabların yazıldığını və hətta filmin də çəkildiyini vurğulayıb.