Eleni Teoxarus kimi şəxslər həm öz ölkələrinin, həm də təmsil etdikləri Avropa Parlamentinin nüfuzuna çox böyük zərbə vururlar.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, E.Teoxarus müəyyən lobbi qrupların maraqlarına uyğun, onların verdiyi maliyyə vəsaitinə əsasən fəaliyyətini qurur, qeyri-adekvat çağırışlar edir, bəyanatlar səsləndirir. Bəzən isə müxtəlif münaqişə bölgələrinə səfərlər edir və müəyyən sifarişlərə uyğun açıqlamalar verməklə dövlətlərarası münasibətlərdə etimadsızlıq yaratmağa çalışırlar:
“Ona görə də, bu cür adamların arzuolunmaz şəxs hesab edilməsi çox yerində olan bir qərardır. Hesab edirəm ki, digər dövlətlər də oxşar addım atmalıdırlar. Yalnız bu yolla separatizmi dəstəkləyənləri əməllərindən çəkindirmək olar”.
Q.Hüseyni hesab edir ki, E.Teoxarusun Albaniyada arzuolunmaz şəxs elan olunması heç də təəccüblü deyil:
“Kiprin yunan icmasından olan bu şəxs bundan öncə Azərbaycan və Ukraynada da eyni aqibətlə üzləşib. Bu qadın artıq muzdla işləyən deputata çevrilib. Əsas fəaliyyəti isə separatizmi dəstəkləməkdir. Mahiyyətcə ultramillətçidir və Kipr probleminin həllində yalnız millətçilik nöqteyi-nəzərindən yanaşır. Eleni Teoxarus yerli türklərin hüquqlarını tanımaq istəmir”.
Politoloq əlavə edib ki, Avropa Parlamentinin deputatının erməni mafiyası ilə də əlaqəli olduğu da məlumdur:
“Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilliant alveri ilə məşğul olan, əslən yunanıstanlı Kaspar Karampetyanın da növbəti ifşasıdır. Eleni Teoxarusun Karampetyanla əlaqələri var və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı da məhz Karampetyandır”.