20 Noyabr 2018 18:12
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusla Azərbaycan arasında əməkdaşlıq özünün xüsusi xarakteri, ən əsası isə davamlı inkişafa meyilli olması ilə seçilir. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Ölkə prezidenti səviyyəsində iki ölkə arasında münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, həqiqətən də Belarus və Azərbaycan Respublikaları siyasi, iqtisadi, mədəni, enerji, hərbi sahədə qarşılıqlı səmərəli əməkdaşlıq qura biliblər:

“Tərəflər arasında əməkdaşlığın konstruktivliyini təmin edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, hər iki tərəf əməkdaşlığın yeni-yeni trendlərinin axtarışındadır. Bu baxımdan iki ölkə başçısı arasındakı görüşün protokolda nəzərdə tutulandan daha çox çəkməsinin də səbəbi məhz əməkdaşlığın inkişaf etdirilməsinin yeni yollarının axtarışı ilə bağlıdır. Fikrimcə, Lukaşenko ilə cənab İlham Əliyev arasında KTMT-nin Astana zirvəsi ilə bağlı məsələlərin və regionda baş verən son hadisələrin müzakirə edilməsi təkbətək görüşün maraqlı və uzun çəkməsinə səbəb olan amillərdən biridir. Xüsusilə, iqtisadi və hərbi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılacaq yeni addımlar barəsində müzakirələrin aparılması da geniş vaxt tələb edir. Bu səbəbdən də görüşün bu qədər uzun çəkməsi gözlənilən idi. Bundan əlavə 2019-cu ildə Minsk Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Hesab edirəm ki, belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsindən faydalanmaq istəyən Lukaşenkonun da cənab İlham Əliyevdən maraqlanacaqları vardı ki, bu da danışıq prosesinin uzun çəkməsinə gətirib çıxaran digər amillərdən biri ola blər”.

E.Aşırlının sözlərinə görə, Azərbaycan və Belarus prezidentlərinin birgə bəyanatı kimi əhəmiyyətli sənədin imzalanması iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişaf etdirilməsindən xəbər verir:

“Birgə bəyanatda ən əhəmiyyətli məqamlardan biri 6-cı maddə öz əksini tapıb. Belə ki, həmin maddədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamlar əks olunub. Həmin maddədə tərəflər, yəni dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, tərəflərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər. Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. Münaqişənin həllinin əsasları da beynəlxalq ictimaiyyət üçün aydın xarakter daşıyır ki, bu da Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir. Həmçinin, Belarusla Azərbaycan arasında olan yüksək etimadın təcəssümü və göstəricisidir ki, ölkələrimiz üzv olmadığı beynəlxalq təşkilatlarda da biri-birini dəstəkləyir. Dövlətimizin başçısı mətbuata bəyanatında da qeyd etdi ki, bu, sanki avtomatik xarakter daşıyır. Yəni, hər hansı bir məsləhətləşmə olmadan belə, Azərbaycan və Belarus üzv olmadıqları, biri üzv olmadığı beynəlxalq təşkilatlarda öz dəstəyini verir və bu dəstək mütəmadi, davamlı xarakter daşıyır. Həmçinin Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə çox sıx əməkdaşlıq var. Səfər çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişafı ilə əlaqədar da anlaşma memorandumu imzalandı. Bu memorandumdan irəli gələrək hava hücumlarından müdafiə sistemlərinin, müxtəlif hücum vasitələrinin, o cümlədən atəş-idarəetmə sistemlərinin alınması üzrə müqavilələr həyata keçiriləcək”.

Ekspert əlavə edib ki, Belarusla imzalan birgə bəyanata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddənin əlavə olunması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin bariz nümunəsidir:

“Həmçinin, Belarus-Azərbaycan əlaqələrinin dərinləşməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə irəliləyişlərə nail olunması baxımından da təsirli olacaq. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Belarusun Azərbaycan qədər beynəlxalq hüquq normalarının yanında möhkəm qərarlaşdığı son görüşlərdə bir daha təsdiqləndi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər