Biz hava limanından İrəvanın mərkəzinə gedərkən yollardan, yol qırağındakı binalardan ölkədəki vəziyyətin necə olduğu aydın görünürdü. Təqribən 20 il bundan əvvəlki Azərbaycanın görkəminə bənzər mənzərə diqqəti cəlb edirdi. Bakı ilə İrəvanı müqayisə etmək ağlagəlməzdir. Fərq çox böyükdür.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında QDİƏT Parlament Məclisinin Ermənistanın paytaxtında keçirilən 52-ci sessiyasında iştirak edən Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Əflatun Amaşov QDİƏT-in baş katibi Asəf Hacıyevlə İrəvanda Göy Məscidə baş çəkdiklərini söyləyib: “Göy Məscid Azərbaycanın tarixi abidələrindən biridir. 1776-cı ildə Naxçıvan xanı Hüseynəli xanın göstərişi ilə inşa edilib. XIX əsrin II yarısında Ermənistanda təqribən 300-ə yaxın məscid fəaliyyət göstərib. Hətta 1990-cı illərə qədər də bir sıra məscidlər olub. Göy Məscid isə Ermənistanda olan yeganə məsciddir”.
Deputat vurğulayıb ki, 1995-ci ildən Ermənistan və İran hökumətləri arasında razılığa əsasən, məscid İran tərəfinin maliyyə vəsaiti ilə təmir olunub: “Bu məscid İranın Ermənistanda mədəniyyət mərkəzlərindən biri hesab edilir”.
Əflatun Amaşov Azərbaycan nümayəndə heyətinin QDİƏT Parlament Məclisinin yubiley medallarından imtina etməsinə də toxunub: “Həmin yubiley medallarından Azərbaycanla yanaşı Türkiyə, Ukrayna və Gürcüstan da imtina etdi. Əlbəttə, Azərbaycan nümayəndə heyətinin erməni spikerin imzası ilə medal alması yolverilməz idi”.