29 Aprel 2014 09:50
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçisi Leyla Yunus bu gün səhər 7-dən Ağır Cinayətlərə dair İşlər üzrə İdarədə dindirilir.

Bu barədə Azərbaycancaya Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib.

Emin Hüseynov bildirib ki, ötən gecə saat 3-də Yunus ailəsinin evində axtarış-baxışa keçirmək istərkən Leyla Yunusun həyat yoldaşı, politoloq Arif Yunusovun "ürəyi tutub və o, təcili tibbi yardımla 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb".

1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin növbətçisi BBC-yə cənab Yunusovun vəziyyətinin "stabil" olduğunu bildirib.

Leyla Yunus və həyat yoldaşı Arif Yunusov ötən gecə Dohaya yollanarkən Bakı aeroportunda saxlanılıblar.

Məlumata görə onlar təyyarəyə minərkən saxlanılıblar.

Xanım Yunus yerli mediaya bildirib ki, hava limanında onların çemodanlarında axtarış aparılır, bundan sonra isə “evimizdə və ofisimizdə axtarış olacağını bildirirlər”, xanım Yunusdan sitat gətirilir.

Leyla Yunusun vəkili Xalid Bağırov aeroporta yollansa da, cənab Bağırov onun Yunus ailəsilə görüşməsinə imkan verilmədiyini bildirib.

“Axtarışı nəyin əsasında apardıqları, məni niyə saxladıqları barədə heç bir məlumat vermirlər. Ümumiyyətlə, nə mənim ölkədən çıxmağıma qadağa, nə də aparılan axtarışlar hüquq çərçivəsində deyil”, AzadlıqRadiosu xanım Yunusdan sitat gətirir.

Ötən həftə casusluq ittihamı ilə saxlanılan Ayna-Zerkalo qəzetinin jurnalisti Rauf Mirqədirovla bağlı cinayət işində xanım Yunusun da adı çəkilib. Cənab Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı "hərbi vəziyyət barədə" Ermənistana məlumat ötürməkdə şübhəli bilinir.

Rauf Mirqədirovun vəkili Vuad Ağayev jurnalistin həbsindən sonra keçirdiyi mətbuat konfransında bildirmişdi ki, cənab Mirqədirovun iştirak etdiyi layihələrdən birini “Region” Tədqiqat Mərkəzinin rəhbəri Laura Bağdasaryan və Leyla Yunus tərəfindən təşkil olunub.

Xanım Bağdasaryan və xanım Yunusun cümə günü buraxdıqları birgə müraciətdə Rauf Mirqədirovun dərhal azadlığa buraxılması tələb olunur.

Bazar ertəsi həbs olunmazdan bir neçə saat öncə, axşama yaxın Leyla Yunus BBC -yəa bildirib ki, həyat yoldaşı politoloq Arif Yunus xəstəxanadadır.

O, həyat yoldaşının vəziyyətinin ona qarşı təzyiqlərə görə pişləşdiyini deyib.

"5-ci gün [25 aprel] onun halı pisləşdi və xəstəxanaya apardıq", Leyla Yunus bildirib.

Hüquq müdafiəçisi əlavə edib ki, həyat yoldaşı "bir gün sonra Prokurorluğun təzyiqi ilə" xəstəxanadan çıxarılıb.

Bu barədə reaksiya üçün prokurorluqla əlaqə saxlamaq mümkün olmayıb.

Leyla Yunus cümə axşamı yaydığı bəyanatda, həyat yoldaşının səhhət diaqnozunu "infarktdan öncəki vəziyyət" kimi xarakterizə edib.


Müəllif:

Oxşar xəbərlər