Möhtərəm Prezidentin şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmələrin verilməsi ilə bağlı fərmanı var. Bu fərman onun builki prezident seçkilərindən dərhal sonra imzaladığı birinci fərmandır. Yəni, cənab Prezidentin seçkidən sonrakı ilk fərmanı şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub. İndiyədək bu fərmanın icrası 40 faiz yerinə yetirilib.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
O qeyd edib ki, böyük ehtimalla yaxın vaxtlarda fərmanın icrası tam həyata keçiriləcək:
“Orda bir az problemlər yaranıb. Bəzi ailələrin narazılığı var. Bu da nədən qaynaqlanır? Kimlərsə onların əvəzinə birdəfəlik ödəməni alıblar. Bununla bağlı mənə də şikayətlər olub. O şikayətləri Hərbi Prokurorluğa göndərmişəm, mətbuatda da demişəm. Yəni, o insanlar bilməyib, onların əvəzinə kimlərsə vaxtilə o ödəməni alıb. Hardasa 130-140 ailənin narazılığı var. Onlarla bağlı da araşdırma aparılır, məsələ tədricən öz həllini tapır”.
A.Abbas Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını böyük humanizm adlandırıb:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu prosesin həyata keçirilməsi üçün çox ciddi araşdırma aparır. İndiyədək 2897 şəhid üzrə 3856 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub. Mən çox arzu edirəm ki, bu fərmanın icrasından sonra könüllü müharibəyə yollananlara və polis işçilərinə də birdəfəlik ödəmələr həyata keçirilsin. Yəqin ki, bu humanist addımın arxası gələcək və qeyd etdiyim məsələ də həllini tapacaq”.
A.Abbas deyib ki, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə hər zaman diqqət və qayğı ilə yanaşıb:
“Elə iki gün öncə möhtərəm prezident Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak etdi. Yəni, dövlət şəhid vərəsələrinə birdəfəlik ödəmə verilməsi ilə öz işini bitmiş hesab etmir. Qeyd etdiyim kateqoriyadan olan insanların maddi vəziyyətinin yaxşılaşdırılması, mənzil-məişət problemlərinin həll edilməsi üçün ardıcıl və sistemli tədbirlər görür. Bütün bu məsələlər hər zaman dövlətin ön planındadır və şəxsən cənab prezidentin diqqətindədir. İndən sonra da belə olacaq. Yeri gəlmişkən, bir neçə gündən sonra cənab Prezidentin ad günü olacaq. Elə indi Qarabağda – Ağdamdayam. Cənab Prezidenti bütün qarabağlılar adından təbrik edirik”.
Səxavət Həmid