Mustafa Hacıbəyli: “Xaliq Bahadırın müxalifətçiliyi qonorar müqabilində yazı yazmaqdan ibarətdir”
Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli partiyanın sentyabrın 27-nə nəzərdə tutulmuş qurultayı ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Mustafa bəy, artıq Müsavat başqanlığına iddialı namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Başqanlıq yarışında iştirak edən qardaşınız Arif Hacılının piarını aparacaqsınız?
- Müsavat demokratik seçki keçirən partiyadır. Partiya başqanını qurultay nümayəndələri müəyyən edəcək. Mən də 600 nəfər qurultay nümayəndəsindən biriyəm. Namizədlərdən biri qardaşım olduğu üçün təbliğat kampaniyasında aktiv iştirak etmək fikrində deyiləm. Bu və ya digər namizədin xeyrinə yazı yazmaq, yaxud qabartmaqdan uzaq durmağa çalışacağam.
- Qərəzli görünməkdən çəkindiyiniz üçün?
- Əslində, qurultay nümayəndəsi və veteran müsavatçı kimi kampaniyada iştirak etməyə haqqım çatır. Amma namizədlərdən biri qardaşım olduğu üçün çalışacağam mümkün qədər aktiv təbliğat yarışından kənarda qalım.
- Başqanlıq postu ilə yanaşı Müsavatın bir sıra strukturlarına seçkilər keçiriləcək. Hansısa struktura iddianız var?
- 1992-ci ilin avqustundan Müsavat Partiyasının üzvüyəm. Həmişə partiyanın fəaliyyətində - istər seçkilər, mitinqlər, istərsə də imzatoplama kampaniyalarında öndə olmuşam. Mövqeyimə görə də partiyada müxtəlif seçkili strukturlarda ayrı-ayrı vəzifələrə seçilmişəm. Hazırda da partiyanın Məclis üzvüyəm, ona da görə də Məclisə namizədliyimi irəli sürmək fikrindəyəm.
- Siz indiki situasiya üçün namizədlər üçün hansı formada kampaniyanı daha uğurlu sayırsınız?
- Bu, daxili seçkidir, Müsavatın qurultay nümayəndəsi olan şəxslərin böyük əksəriyyəti çoxdan partiyada fəaliyyət göstərən insanlardır. Onlar istər başqanlığa, istərsə də Divan üzvlüyünə, Nəzarət Təftiş Komissiyasına namizədləri çoxdan tanıyırlar və hər kəsin müəyyən oturuşmuş fikirləri var. Məncə, təbliğatın seçkinin nəticələrinə böyük təsiri olacağı barədə düşünənlər yanılırlar. Hər kəs Müsavatın rəhbərliyində olan şəxsləri tanıyır. Müsavatçılar ayrıca demokratik seçki vərdişi olan bir partiya nümayəndələridir. Ona görə də, istər təbliğat kampaniyasının getməsi, istərsə də kənar müdaxilələrin zərərsizləşdirilməsi baxımından narahatlığa heç bir əsas yoxdur. Bu gün Müsavat öndə gedən partiyadır. Dost siyasətçilərin və dost olmayan qüvvələrin Müsavatın qurultayı ilə bağlı xüsusi maraqları var. Amma müsavatçılar kənar müdaxilələrə rəğmən doğru seçim edə biləcəklər.
- Partiyanın embleminin dəyişməsi ilə bağlı təklif irəli sürmüsünüz. Emblemə Avropa Birliyinin bayrağındakı ulduzların əlavə olunması təklifi haradan qaynaqlanır?
- Müsavat Partiyası Qərbə inteqrasiyanı xarici siyasət strategiyasının ana xətti sayır. Eyni zamanda bizim dövlət doktrinamızda da Azərbaycanın Avroatlantik məkana inteqrasiyası əsas xətlərdən biridir. Hesab edirəm ki, emblemə düzəliş edəriksə, biz Avropaya meylimizi daha qabarıq şəkildə büruzə vermiş olarıq. Bununla həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilərik. Təklif sadə təklifdir. Müsavatın emblemi olduğu kimi qalır, sadəcə həmin emblem Avropa Birliyinin bayrağında olan ulduzlarla əhatə olunur. Dizayn baxımından da kifayət qədər yaxşı görünür. Demirəm ki, bu, mükəmməldir, hər halda bu da təkmilləşdirilə bilər. Təklif irəli sürmüşük, yəqin ki, müzakirələr gedəcək, qurultayda müvafiq qərar qəbul oluna bilər.
- Arif Hacılı belə bir açıqlama verdi ki, seçkinin nəticəsi indidən mənə aydındır. Müsavatçılar kifayət qədər azad düşüncəli insanlardır. Seçki nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkündürmü?
- Arif Hacılı həm də seçki texnoloqudur, o, seçki sahəsində ən çox təcrübəsi olan şəxslərdən biridir. Ola bilər ki, Arif Hacılının həmin açıqlaması təbliğatın bir formasıdır. Bu fikrim bəlkə də qardaşımın xeyrinə deyil, amma mən bunu deyəcəyəm.
- Arif Hacılının ünvanına opponenti Səxavət Əlisoy tərəfindən etnik mənsubiyyətini şübhə altına alacaq iddia səslənmişdi. Qardaşınız Vaqif Hacılının faktlarla cavabı oldu. Bəs Sizin belə iddialara cavabınız nədir?
- Şübhəsiz, Arif Hacılının etnik mənsubiyyəti ilə bağlı ittihamların şəxsən mənə də aidiyyatı var. Çünki onun etnik mənsubiyyəti şübhə altına alınarsa, deməli, mənim də etnik mənsubiyyətim şübhə altına düşmüş olur. Amma mən dəyərli müsavatçılara təşəkkür edirəm, Səxavət Əlisoyun cavabını özləri verdiyi üçün ehtiyac duymadım. Müsavatda 20 ildən çoxdur bir yerdə gedən insanlarıq. Bizim milli, etnik, siyasi mənsibiyyətimizi, əqidəmizi bilməyən müsavatçı yoxdur. Burada kimsə bizə qarşı böhtan irəli sürəcəksə, onun cavabı veriləcək.
- Arif Hacılının ən güclü opponentləri Qubad İbadoğlu və Tural Abbaslıdır. Bu iki rəqibdən hansına qalib gəlmək daha çətin olacaq?
- Arif Hacılının həm Qubad İbadoğlu, həm də Tural Abbaslı ilə çox yaxşı münasibətləri var. Müəyyən rəqabət məsələləri olsa da, bu da təbii qarşılanmalıdır. Seçkidir, rəqabət olmalıdır, bu, əks-təbliğat və təbliğatda özünü büruzə verə bilər. Hər halda seçki demokratik müstəvidə gedəcək. 2000-ci ildə Müsavatın deputat siyahısını hazırlanmasını xatırlayırsınız, çox kəskin rəqabət vardı. O cür kəskin rəqabət dövrünə baxmayaraq, əminəm ki, bu qurultaydan da Müsavat güclənərək çıxacaq. Bilirəm ki, bu günlərdə başqanlığa adını çəkdiyiniz namizədlər iclaslardakı mükalimələrlə yanaşı, təkbətək müəyyən müzakirələr aparıblar və hər şey normaldır.
- Belə xəbər də yayılıb ki, Arif Hacılı ilə Qubad İbadoğlunun münasibətlərin sərinlik var, hətta tərəflər bir-biri ilə danışmır...
- Bunlar tamamilə yalan xəbərlərdir. Ötən gün bir yerdə nahar ediblər. Qubad bəy mətbuata açıqlamalarında bildirib ki, Arif Hacılı ilə münasibətləri normaldır. Arif Hacılının da analoji açıqlamaları var. Biz qurultaydan sonra da çiyin-çiyinə birgə olmağa məhkumuq. Bunu başqanlığa namizədlər də və digər strukturlara namizədlər də dərk edirlər. Kimsə əndazəni aşan təbliğat aparacaqsa, partiya başqanı və digər strukturların rəhbərləri tərəfindən müvafiq tədbirlər görüləcək.
- Son günlər Müsavat Partiyasının üzvü, yazar Əli Əkbərin “Qrantyeyənlərin dağılan tifaqı” yazısı geniş müzakirələrə səbəb olub. Onun fikirləri siyasilər tərəfindən narazılıqla qarşılanır. Müsavat üzvünün bu cür fikirlərinə münasibətiniz necədir?
- Mən yazarların gördüyü işi və onların ictimai rəyi dəyişdirmək istiqamətindəki səylərini kiçiltmək istəməzdim. Əli Əkbərə tövsiyə edərdim ki, partiyaların 20 ildən artıq müddətdə Azərbaycanda demokratiyanın inkişafı sahəsində göstərdiyi fədakarlığı bu qədər kiçiltməsin. Ayrıca xatırlatmaq istəyərdim ki, Əli Əkbərin özünün müəllifi olduğu dəyərli əsərləri elə məhz Müsavat Partiyasının qərargahında həm təbliğ, həm də satışını təşkil etmişik. İlk növbədə Müsavat hər bir yazarın, QHT və “ictimai sektor” nümayəndəsinin hüquqlarının müdafiəsi sahəsində çox fəal olub. Müsavata qarşı danışmaq üçün bəhanə gəzən adamlar Əli Əkbərin yazısını Müsavatın mövqeyi kimi təqdim etməyə meyllidirlər. Amma istənilən şəxsə məlumdur ki, o yazını Əli Əkbər Müsavat üzvü kimi yox, bir yazıçı kimi yazıb. Onun irəli sürdüyü fikirlərin Müsavat Partiyasının fikri kimi qiymətləndirilməsi heç doğru deyil. O, haradasa siyasi partiyaların gördüyü işi kiçiltməyə çalışıb. Deməli, həm də Müsavatın gördüyü işi kiçiltməyə çalışıb. Ona görə də Müsavat Partiyasının kiməsə qarşı iddiası kimi qiymətləndirmək doğru deyil. Bu, Əli Əkbərin yazar mövqeyidir.
- Xaliq Bahadır Arif Hacılının başqan olmaq istədiyini bəyan edib və bildirib ki, partiya rəhbərliyində Tofiq Yaqubludan başqa digərləri siyasi biznesmen, İsavatçılardır...Onun bu fikrinə reaksiyanız necədir?
- Xaliq Bahadırın Müsavatı sevməyən şəxs olduğu çoxdan bəllidir. O, həmişə Müsavata qarşı xüsusi aqressivliyi ilə seçilib. Bu gün onun Arif Hacılıya qarşı aqressivliyi təəccüblü deyil. Bu, şəxsi qərəzdən doğan münasibətdir. Xaliq Bahadır kimi müxalifətçiliyi bütün həyatı boyu qonorar müqabilində yazı yazmaqdan ibarət olan insanların bu cür açıqlamları bizi narahat etmir.
- O, “2003-cü ildə İsa Qəmbər 30-dan çox partiyanı topdan satıb” kimi iddialar da səsləndirib...
- Bu da Xaliq Bahadır səviyyəsində olan sərsəm iddiadır.
Nərgiz