Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu maraqlı statistika açıqlayıb. Onların araşdırmasına görə, 2018-ci il Azərbaycanla Ermənistan arasındakı təmas xəttində son 5 ildə ən sakit il olub. Yenə onların hesabatına görə, 130 gündür cəbhə bölgəsində Ermənistan ordusunun bir itkisi belə yoxdur və bu sakitlik hələ də davam edir.
Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına görə Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır. 2018-ci ildə 17 erməni hərbçi yol qəzalarında həlak olub, 13 nəfər xəstəliklərdən ölüb, 11 nəfər isə özünü öldürüb.
Siyasi ekspert Elxan Şahinoğluya görə, bu hesabatdan gəlinən iki nəticə var:
"Birinci nəticə odur ki, həqiqətən cəbhə bölgəsində nisbi sakitlik hökm sürür. Çünki, son aylarda bizim televiziya kanalları da xəbərlərə cəbhə bölgəsindəki atəşkəsin intensiv pozulması məlumatları ilə başlamırlar. Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan ordu komandanlığına gizli tapşırıq verib ki, ordu təxribatdan çəkinsin, atəşkəsə riayət etsin. Məsələn son aylarda işğal altındakı torpaqlarda hərbi təlimlərdən xəbər yoxdur. Əvəllər belə təxribatlara çox rast gəlirdik. Ancaq sakitliyin və sükutun uzun müddət çəkəcəyini söyləmək çətindir. Çünki, “Qarabağ klanı” əlindəki imkanlardan istifadə edərək hər an təmas xəttində təxribat planlaşdıra bilər. Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək. Bu isə Paşinyanın mövqelərini zəiflədəcək. “Qarabağ klanına” da elə bu lazımdır.
Hesabatdan gəlinən ikinci nəticə budur ki, Ermənistan ordusundakı hərbçilər müharibəsiz də bir-birini qırmaqda davam edir. 2018-ci ildə ümumilikdə 41 hərbçi müxtəlif səbəblərdən ölüb. Bu hələ Helsinkin Vətəndaş Assambelyasına məlum olan rəqəmlərdir. Ermənistanda ordunu təhciz etmək İrəvana başa başa gəlir. Üstəgəl də qeyri-döyüş itkiləri azalmır. Ancaq bütün bunlar bizi arxayın salmamalıdır. Bəli, hələ ki, atəşkəsə riayət edirik. Ancaq Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa atəşkəsə riayət etməyin anlamı qalmayacaq".