27 Fevral 2019 09:12
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 2019-cu ilin arxada qalan iki ayında imzaladığı fərman və sərəncamlara diqqət yetirsək, insan amilinə verilən dəyərin, ən əsası vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinin prioritet olduğunu aydın şəkildə görə bilərik. Cənab İlham Əliyev prezident kimi fəaliyyətə başladığı gündən bu məqsədi açıqlayıb ki, iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.

Bunu Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, fevralın 25-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirə bütün dövrlər üçün aktuallığını saxlayan “İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır” tezisinin bugünki reallıqla üst-üstə düşdüyünü bir daha təsdiqləyib:

“Dövlət başçısı müşavirədə bir daha vurğuladı ki, vətəndaşların sosial rifahının yaxşılaşdırılması başlıca vəzifədir. Əlavə gəlirlər ilk növbədə vətəndaşların sosial müdafiəsinə yönəldilir. Atılan addımlara söykənərək cənab İlham Əliyev bu inamı da ifadə edib ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Cənab prezident müşavirədə bir daha bildirdi ki, minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər böyük sosial paketin tərkib hissəsidir. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırılıb. Hazırda 12 min 200-dən artıq şahid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manatadək artırılıb. Bu il 6-7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək, şəhid ailələrinə 800 mənzil veriləcək. Minimum pensiyaların məbləği 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Bu gün Azərbaycan minimum pensiyaların səviyyəsinə görə MDB məkanında liderlər sırasındadır. Minimum pensiyaların artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq”.

Baş redaktor əlavə edib ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı da atılan davamlı addımların tərkib hissəsidir:

“Sərəncam ümumilikdə 600 minə yaxın vətəndaşa yönələn sosial müavinətlərin və prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndrilməsi məqsədinə xidmət edir. İmzaladığı hər bir fərman və sərəncamla vətəndaşlara böyük sevinc bəxş edən Prezident İlham Əliyev daim bildirir ki, atılan addımlar davamlı olacaq. Cənab prezidentin son fərman və sərəncamları sosial müdafiə sahəsində atılan inqilabi addımlardır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər