Fransada yaşayan keçmiş prokuror Vidadi İsgəndərlinin bugünlərdə səsləndirdiyi bir fikir onun fəaliyyəti fonunda xüsusi diqqət çəkdi. İsgəndərli “Youtube” kanalında bildirdi ki, “ermənilər bizə nə edib ki… heç nə etməyiblər. Əgər bu gün Fransa müharibə eləsə, mən əlimə silah alıb Fransa ordusunda döyüşəcəm. Əgər İlham Əliyev Qarabağda müharibəni başlatsa, silahımı birinci elə İlham Əliyevə qarşı çevirəcəm”.
O, bu çıxışı ilə “Qarabağda müharibə olarsa, əhali ermənilərə qarşı yox, hakimiyyətə qarşı döyüşsün” demək istəyir. İsgəndərlinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “danışıqlar və müharibə” seçimi arasında həssas qırılma nöqtəsinin olduğu bir dövrdə belə bir çağırışı nəyə hesablanıb? Bu sualın cavabının axtarışı bir versiyanı önə çıxarır: ermənilər Qarabağda gələcək müharibənin yönünü dəyişmək üçün İsgəndərlinin dili ilə Azərbaycan xalqına mesajlar göndərir və mümkün müharibədə ölkə daxilində siyasi xaos toxumları səpir.
Münaqişə ətrafındakı vəziyyət və “masadan qaçmağa hazırlaşan” Ermənistan hakimiyyətinin hərbi ritorikanı gücləndirməsi fonunda bu versiya daha da güclənir. Lakin prosesi anlamaq üçün bir sualın cavabını tapmaq lazımdır: İsgəndərli ilə erməniləri nə əlaqəsi var?
V.İsgəndərli əvvəlcə Gürcüstana, sonra Avropaya gedib. Onun yaşamaq üçün Avropada Fransanı seçməsi diqqət çəkir. Niyə Avropanın digər ölkələri yox, məhz erməni diasporu/lobbisinin ən güclü olduğu Fransa? Nəzərə alsaq ki, Fransa Avropada yaşamaq vizasını ən çətin verən ölkələrdəndir, o zaman, İsgəndərlinin bu ölkədə məskən salmasında erməni diasporu/lobbisinin köməyinin olduğu ehtimalı güclənir.
Rusiyanın “Novıe İzvestiya” nəşrində yayımlanan “Vidadi İsgəndərli “ermənicə” danışmağa başladı” sərlövhəli məqalə isə bu ehtimalı faktlarla təsdiq edir.
Oleq Nikolayın müəllifi olduğu məqalə V.İsgəndərlinin “Heydər Əliyev Qarabağı və 6 rayonu müqavilə əsasında verib” iddiasına həsr olunub.
Müəllif yazır: “Mümkündür ki, İsgəndərli “qalmaqallı xütbələri” ilə Azərbaycanda tərəfdarlarını tapacağına və dövlətin siyasətində tektonik tərpənişlər yaradacağına ümid edir. Bu məsələdə İsgəndərli rusiyalı müxalifətçi Vladislav Maltsevə oxşayır. Maltsev də Avropaya qaçdı və “Youtube” üzərindən Rusiyanı söyməyə başladı. O, Oktyabr inqilabının yüzillik yubileyində “rejimin düşəcəyi” sözünü verir, futbol üzrə dünya çempionatı keçiriləndə Rusiyada kataklizimlərin başlayacağını deyirdi. Lakin bütün bunlar baş vermədi. Əgər Maltsev arxasında heç bir qüvvənin olmadığına and içirsə, İsgəndərli irəli sürdüyü iddianın mənbəyi kimi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın bibisi oğlu, hazırda Moskvada vəkil işləyən Araz Mirzabekyanı və Sergey Akopyanı göstərir. İsgəndərli, Akopyan və Mirzabekyan 1988-ci ildə F. E. Dzerjinski adına Xarkov hüquq institutundan (hazırda Yaroslav Mudroqo adına milli hüquq universiteti) məzun olublar. Onlar təkcə eyni kursda təhsil almırdılar, həm də eyni yataqxanada qalırdılar. Tale bu hüquqşünasları müxtəlif şəhərlər və ölkələrə səpələdi: Mirzabekyan Rusiyada vəkil oldu, Akopyan Ermənistanda karyera qurdu, İsgəndərli əvvəlcə Azərbaycanda prokuror olaraq çalışdı, sonra qəfil müxalifətə keçdi və ölkəni tərk etdi. Lakin V.İsgəndərli institut dostları ilə əlaqələrini heç vaxt itirmədi. Özünün dediyindən belə çıxır ki, məhz ermənu kurs yoldaşları onun “gözlərini açdı”. Bu fonda İsgəndərlinin erməni diasporu və lobbisinin güclü olduğu Fransada sığınacaq alması təsadüfi görünmür. Görünür, İsgəndərliyə Parisdə yaşamaq və qrant almaqda erməni tələbə yoldaşları köməklik göstəriblər. İsgəndərli bunun əvəzində ona təklif olunan Qarabağ versiyasını dilə gətirir. O, öz “xütbələri”ndə utanmadan faktları təhrif edir, tarixi saxtalaşdırır”.
Müəllif İsgəndərlinin ailəsinin 1960-cı illərdən Əbülfəz Elçibəylə dostluq etdiyi iddiasının məqsədyönlü olduğuna diqqət çəkir.
“Sual yaranır, o indiyə qədər bu “sirri” niyə açıqlamırdı və niyə indi açmaq qərarına gəldi. Görünür, İsgəndərli maraqdan düşdüyünü anladı və Elçibəyin adından istifadə etməklə auditoriyanı qoruyub saxlamağa çalışır”, – deyə müəllif qeyd edir.
Məqalədə V.İsgəndərlinin ermənilərin “ruporu” rolunda çıxış etdiyi və tarixi faktları da məhz erməni təbliğatına uyğun təhrif etdiyi bildirilir.
/Publika.az/