Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub.
Teleqraf.com xəbər verir ki, Monteneqro Prezidenti Foruma dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
O qeyd edib ki, bu tədbir beynəlxalq müstəvidə duran məsələlərin müzakirəsi baxımından mühüm platformalardan biridir. Azərbaycanla əlaqələri yüksək qiymətləndirən Monteneqro Prezidenti birgə həyata keçirən layihələrin ikitərəfli münasibətlərin inkişafından xəbər verdiyini deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələr olduğunu və birgə uğurlu layihələrin həyata keçirdiyini vurğulayıb. Dövlət başçısı Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında Monteneqronun iştirakının da təqdirəlayiq olduğunu, bu layihənin həyata keçirilməsinin iki ölkəni bir-birinə daha da yaxınlaşdıracağını deyib. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanda müxtəlif nəqliyyat layihələri həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunu ki, Azərbaycanın nəqliyyat sisteminin Avropa ölkələri ilə əlaqələndirilməsi və xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ölkələrimiz arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Dövlət başçısı iki ölk arasında turizm, qaz və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük imkanların və perspektivlərin olduğunu da deyib.
Monteneqro Prezidenti qeyd edib ki, Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər və Prezident İlham Əliyevin iki ölkə arasında münasibətlərin inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev Azərbaycanda da Monteneqroya böyük hörmətlə yanaşıldığını və Monteneqro ilə əlaqələrimizə mühüm əhəmiyyət verildiyini bildirib.
Görüşdə, həmçinin iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinə və digər sahələrin inkişafına dair geniş müzakirələr aparılıb.