Təhsil müəssisələrində oxuyan tələbələrin hansı şəraitdə yaşadıqları və dərsə hazırlaşdıqlarına toxunmaq istəyirəm. On minlərlə tələbənin yataxna ehtiyacı var.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov hökumətin 2018-ci ildə fəaliyyətinə dair hesabatının müzakirə edildiyi parlamentdə çıxışı zamanı bildirib.
Vitse-spiker qeyd edib ki, Milli Məclis 2016-cı ildə müvafiq qanun qəbul edib: “Biz bu qanuna əlavələr etsək, onun normativ hüququ prosedurlarını hazırlasaq, deməli, yataqxanaların tikilməsi üçün qanuni baza yarada bilərik. Bundan sonra Təhsil Nazirliyi müvafiq tender keçirə,sahibkarlıq və biznes subyektləri bu tenderdə iştirak edə bilər. Nəticədə qalib gələn şirkət yataqxana tikə, onun istismarını həyata keçirə bilər.Tələbələrimiz də günün tələbatına uyğun olaraq yaşamaq və oxumaq imkanı əldə edə bilər”.
Valeh Ələsgərov əlavə edib ki, bu yükü dövlət üzərinə götürə bilməz: “Lakin biznes strukturları işə cəlb edilsə, problemin həllinə, onun tərpənişinə cəhd olunar. Dövlət bu prosesə başqa formada dəstək verə bilər. Məsələn, tenderdə qalib gələn şirkətə dövlət torpaq ayıra, onun vergidən azad edə bilər. Nəticədə tələbələr daha az ödəniş etməklə yüksək keyfiyyətli şəraitlə təmin oluna və təhsilini davam etdirə bilər. Hesab edirəm ki, bu yolla getsək, problemi müəyyən qədər həll etmək olar”.