16 Mart 2019 22:35
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Bu Sərəncam 431 nəfər məhkuma şamil olundu. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edilib, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş beş nəfərin cəzası yüngülləşdirildi. Bir sıra xarici ölkə vətəndaşları məhkumluqdan azad olundu. Beləliklə, Novruz bayramı ərəfəsində imzalanmış növbəti əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin təcəssümü olan Novruz bayramı ərəfəsində belə bir humanist addım atılmasının xüsusi mənası və əhəmiyyət daşıdığını qeyd edən Elman Nəsirov vurğulayıb ki, dövlətimizin başçısı yüzlərlə ailəni sevindirdi. Vaxtilə cinayət törədərək azadlıqdan məhrum olunmuş bu insanlar əziz bayramı öz ailə üzvləri, yaxınları ilə birlikdə keçirəcəklər. Eyni zamanda, bu addımın böyük tərbiyəvi əhəmiyyəti də var. Keçmiş məhkumlara öz həyatlarını yenidən qurmaq, cəmiyyətə qovuşmaq imkanı verildi. Cinayət yolu tutanlar, qanunları pozanlar baş verənlərdən ibrət dərsi götürür və görürlər ki, barmaqlıqlar arxasına düşmək təkcə onların deyil, həm də bütöv bir ailənin faciəsidir.

“Hər bir əfv sərəncamı ərəfəsində bəzi müxalif dairələr ajiotaj yaratmağa cəhd göstərir, siyasi məhbus məsələsini gündəmə gətirirlər. Belələrinə cavab olaraq bir daha təkrar etmək istəyirəm: Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb və ola da bilməz. Çünki müstəqil dövlətimiz demokratik inkişaf yolu seçib və bu dəyərlərə sadiqdir. Azərbaycanda heç kim siyasi əqidəsinə görə həbs olunmur. Hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı, həssas münasibət Prezidentin dövlətçilik fəaliyyətinin ən mühüm fəlsəfəsini təşkil edir. Əgər kimsə azadlıqdan məhrum edilibsə, deməli o, cinayət törədib. Bəzən elə hallar da olur ki, cinayət yolu tutan insanlar cəzadan yaxa qurtarmaq üçün müəyyən bəyanatlar verir, məsələyə bilərəkdən siyasi don geyindirməyə çalışırlar. Bu, siyasi manipulyasiyadan baş bir şey deyil.

Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sahəsində köklü islahatlar aparılır. Nəticədə cəza siyasəti humanistləşdirilir, insan hüquq və azadlıqları daha etibarlı şəkildə təmin olunur. Növbəti əfv sərəncamı da bu humanizmin daha bir təzahürüdür”, - deyə Elman Nəsirov bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər