Dövlət Gömrük Komitəsi və BMT-nin İnkişaf Proqramı (BMTİP) Gömrük Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi layihəsinin reallaşdırılması müddətinin uzadılması və büdcəsinin artırılması haqqında saziş imzalayıblar.
Teleqraf.com-un trend-ə istinadən məlumatına görə, sənəd DGK-nın sədri Aydın Əliyev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek tərəfindən imzalanıb.
Həmçinin imzalanma çərçivəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hədəf" Mərkəzinin və Azərbaycanın gömrük ərazisi üzrə tranzit yüklərin daşınması və idarə edilməsinin avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması layihələrinin təqdimatı keçirilib.
A.Əliyevin sözlərinə görə, bu layihələri BMT İP Azərbaycan hökuməti ilə birgə maliyyələşdirir. Onların reallaşdırılmasına müvafiq olaraq 520 min və 620 min vəsait ayrılıb: "Biz Gömrük Məcəlləsi və risklərin idarə edilməsi ilə bağlı işləri davam etdirməliyik. Bu yaxınlarda biz konkret olaraq hansı proqramlara vəsaitlərin ayrılacağını müəyyən edəcəyik".
Dövlət Gömrük Komitəsi BMT-nin İnkişaf Proqramı ilə 1999-cu ildən "Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatların ötürülməsi şəbəkəsinin yaradılması və potensialının gücləndirilməsi" layihəsi çərçivəsində əməkdaşlıq edir.