23 Mart 2019 17:27
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilk olaraq Uruqvay Şərq Respublikasının vitse-prezidenti, eyni zamanda Senatın sədri Lusia Topolanski və daha sonra Nümayəndələr Palatasının sədri Sesilia Bottino ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin intensivləşməsi, xüsusilə parlament diplomatiyasının rolu yüksək qiymətləndirilib.

Bu kontekstdə, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrə önəmli töhfə verdiyi qeyd olunub.

İki ölkə arasında siyasi sahədə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq ifadə edilərək, bu əməkdaşlığın iqtisadi, enerji, nəqliyyat və kənd təsərrüfatı istiqamətlərini əhatə etməsinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə, Uruqvayın Azərbaycan neftini idxal etməyə başlamasının təqdirəlayiq hal olduğu xüsusi qeyd edilib.

Görüş zamanı E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, müxtəlif ölkələrdəki erməni icmasının nümayəndələrinin təxribatçı fəaliyyətinin münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərdiyini bildirib. Digər tərəfdən, bu icma nümayəndələrinin vətəndaşı olduqları ölkələrin deyil, işğalçı Ermənistan dövlətinin maraqlarından çıxış etməsinin anlaşılan olmadığı vurğulanıb.

Uruqvay parlamentinin rəhbər vəzifəli şəxsləri münaqişə ilə bağlı Azərbaycanın mövqeyini anladıqlarını və münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər