18 Aprel 2019 14:53
2 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, dünən ABŞ-dan bu barədə təklif alıblar. O, əlavə edib ki, ABŞ dövlət katibi danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir.

Xatırladaq ki, nazirlər sonuncu dəfə aprelin 15-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü və təşkilatçılığı ilə bir araya gəliblər.

ABŞ tərəfinin təklifini şərh edən politoloq Cümşüd Nuruyev deyir ki, bu, Qarabağ problemini gündəmdə saxlamaq üçün müsbət təklif olsa da, problemin həllinə ciddi təsir göstərə bilməz.

Politoloq hesab edir ki, əslində ABŞ bu platformada fəallıq etmək istəmir: “Zənnimcə, bu təkliflə ABŞ gecikmiş addım atmış olur. ABŞ-da gözləmirdilər ki, Rusiya önə çıxar və görüş təşkil edər. Moskvada görüş baş tutdu və bu diplomatik baxımdan Moskvanın uğuru sayıla bilər. ATƏT-in həmsədr dövləti kimi Rusiya qabağa düşdü, Vyana görüşündən bir ay keçməmiş xarici işlər nazirlərinin görüşünü təşkil edə bildi.

ABŞ isə bunu gözləmirdi. İndi Vaşinqton yenidən ona görə çalışır ki, Rusiyanın əlindən təşəbbüsü alsın. Fikrimcə, bu bizim xeyrimizə deyil, Qarabağ probleminin həlli prosesi yenə uzanacaq.

Qarabağ probleminin həlli məsələsi onsuz da düyünə düşüb. Üç həmsədr dövlətlərin hər biri də öz maraqlarına uyğun hərəkət edir”.

Cümşüd Nuruyevin fikrincə, bir azdan Fransa xarici işlər naziri də tərəflər arasında görüş təklif etmək məqsədilə fəallıq nümayiş etdirə bilər: “Ancaq bunların ümumi işə xeyri yoxdur. Həmsədrlik institutu faktiki işləmir. Uzun illərdir ki, ortaya həll variantı qoyulmayıb. Həm də sülh danışıqları o zaman aparıla bilər ki, tərəflərdən heç biri iddialı çıxış etməsin. Nikol Paşinyan gündə bir bəyanat verir. Ermənistanda gündə bir söz deyirlər. İddia edirlər ki, bəzi ətraf rayonların müqabilində Dağlıq Qarabağa yüksək status verilsin. Hətta Laçın və Kəlbəcərdən söhbət gedə bilməyəcəyini deyirlər.

2016-cı ilin aprelində sonra bizim üstünlüyümüz yaranıb. Son 1-2 ildə erməni tərəfi çalışır ki, bu üstünlüyümüzü unutdursunlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər