8 May 2019 16:47
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyində anım tədbiri keçirilib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.

Tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya-Azərbaycan Ticarət-iqtisadi Palatasının rəhbərliyi və üzvləri, Serbiya parlamentindəki Azərbaycanla dostluq qrupunun üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, Ermənistanın ölkəmizə qarşı təcavüzü, əzəli və tarixi torpaqlarımız olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonumuzun, eləcə də Azərbaycanın tarixi mədəni beşiyi olan Şuşa şəhərinin işğalından bəhs edib.

Eldar Həsənov bildirib ki, işğala qədər Şuşada 20579 nəfər insan yaşayıb, onların 19036 nəfəri azərbaycanlı (92,5%), 1377 nəfəri (6,7%) isə erməni olub. Səfirin sözlərinə görə, Ermənistan silahlı qüvvələri havadarlarının birbaşa iştirakı ilə Azərbaycanın digər yaşayış məskənlərinin işğalı zamanı törətdikləri vandalizm və vəhşilikləri Şuşa şəhərinin işğalı zamanı da təkrarlayıblar.

Səfir Şuşa şəhərində Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı amansız davranaraq onları kütləvi şəkildə qırmasından, girov götürməsindən, işgəncələrə məruz qoymasından, etnik təmizləmə həyata keçirməsindən, tarixi və mədəni abidələri dağıtmasından danışıb, bu cinayətlərin silahlı münaqişə qanunlarının kobud pozuntusu olduğunu və bu kimi əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilmədiyini bildirib.

Səfir bu cinayətlərin Ermənistanın dövlət ideologiyasının ana xəttini təşkil edən və nasizmdən ruhlanaraq yaranan njdeizmin məntiqi nəticəsi olduğunu vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin Şuşaya hücumu və şəhərin işğalını Tehranda Ermənistan və Azərbaycan rəhbərlərinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasına dair razılaşma əldə etdikləri günün gecəsi həyata keçirdiyini qeyd edən diplomat işğaldan 27 il ötməsinə baxmayaraq Ermənistanın rəsmi öhdəlikləri ilə real hərəkətləri arasında bu günədək müşahidə olunan uyğunsuzluğun münaqişənin dinc yolla nizamlanmasına əngəl törətdiyini vurğulayıb.

Şuşa şəhərini, eləcə də Azərbaycanın digər tarixi ərazilərini müvəqqəti işğal altında saxlamaqla və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan verməməklə Ermənistanın heç vaxt arzuladığı siyasi nəticəni əldə edə bilməyəcəyi birmənalı qeyd edilib. Səfir Azərbaycan torpaqlarının işğalına son qoyulması, BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün dünya dövlətlərinin və beynəlxalq ictimaiyyətin rolunun artırılmasının vacibliyini vurğulayıb.

Tədbirin sonunda Şuşanın işğalı haqqında sənədli film nümayiş etdirilib.

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Bosniya və Herseqovina və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən də anım tədbirləri keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər