Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçında “Çelsi”yə qarşı keçiriləcək oyunda iştirak üçün komandası ilə gəlməyəcəyi barədə bəyanatından məyusuq.
Teleqraf.com xəbər verir ki, bu sözlər AFFA-nın Baş katibi Elxan Məmmədovun bəyanatında yer alıb.
“Biz klub, futbolçu və onun ailəsi tərəfindən birgə qəbul edilmiş bu sübutsuz qərarla bağlı çox heyfsilənirik. Biz oyunçunun komanda ilə Bakıya gəlməmək barədə qərar qəbul etməsini onun şəxsi hüququ kimi tanıyacağıq, bununla belə, yenə vurğulamaq istəyərdik ki, Azərbaycan Mxitiryanın təhlükəsizliyin təmin olunması ilə bağlı UEFA-nın tələb etdiyi bütün lazımi zəmanətləri verib. Azərbaycan tərəfindən verilmiş təhlükəsizlik zəmanətlərinin ciddiliyini şübhə altına qoymaq üçün heç bir əsas yoxdur. Son on il ərzində çox sayda erməni idmançı Azərbaycanda təşkil edilmiş müxtəlif növ beynəlxalq yarışlarda iştirak edib. Nəhayət, biz güman edirik ki, təəssüf doğuran bu qərar qarşıdakı böyük oyunun keyfiyyətinə və əyləncəli olmasına heç bir təsir etməyəcək. Bakıda hər iki komandanı çox tezliklə gözləyirik”, - bəyanatda deyilir.
Xatırladaq ki, “Arsenal” klubu erməni futbolçu Henrix Mxitaryanı Bakıya gətirməyəcəyi barədə rəsmi açıqlama yayıb. Açıqlamada Mxitaryan və ailəsinin təhlükəsizliyinin qorunması məqsədilə bu qərarın verildiyi qeyd olunub.
“Arsenal” klubunun baş məşqçisi Unai Emeri isə keçirdiyi mətbuat konfransında deyib ki, bu çox şəxsi bir məsələdir və Henrix Mxitaryanın şəxsi qərarıdır.
Mətbuat konfransında Azərbaycan hökumətinin Mxitaryanın Bakıda təhlükəsizliyinə təminat verildiyi qeyd olunub. Baş məşqçidən bunun nə dərəcədə inandırıcı olmasına münasibət öyrənilib.
İspaniyalı mütəxəssis bildirib ki, təhlükəsizliklə bağlı təminata inanır: “Mən onlara inanıram. Ancaq bu səhər Mxitaryanla da danışdım. Bu şəxsi qərardır. Mən ona hörmət edirəm. Onun bizimlə olmasını istəyərdim. Onun ailəsi və özüylə danışıldıqdan sonra belə bir qərar verildi. Onu özümüzlə gəlməyə məcbur edə bilmərəm. Çünki mən ona və qərarlarına hörmət edirəm. Bu mənim əlimdən gələn bir şey deyil”.
Qeyd edək ki, Avropa Liqasının Bakıda keçiriləcək finalında "Arsenal" "Çelsi" ilə oynayacaq. Matç mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.