27 İyun 2019 20:15
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu günortadan sonra öz işini davam etdirib.

Teleqraf.com xəbər verir ki, forumda YUNESKO-nun Dünya İrs Mərkəzinin prinsipləri və obyektləri müzakirə olunub. Bu çərçivədə ilk olaraq Dünya İrs Mərkəzinin şöbə müdiri Petya Totçarova “Dünya İrs Sistemi: Proses, əsas aktorlar və onların rolları” mövzusunda məruzə ilə çıxış edib.

O, dünyada mədəni abidələrin vəziyyəti, onlarla bağlı əsas çağırışları diqqətə çatdırıb.

Eyni mövzu üzrə Abidələr və Monumentlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi Riçard Mackey, Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) təmsilçisi Tim Badman və Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) nümayəndəsi Cozef Kinqin çıxışı dinlənilib. Hər üç çıxışçı mədəni irsin qlobal mahiyyətindən bəhs edib. Çıxışlarda Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından önəmi vurğulanıb.

“Dünya irsinin monitorinqinin metodologiyası və alətlər” mövzusunun müzakirəsi zamanı Dünya İrs Mərkəzinin şöbə müdiri Petya Totçarova yenidən çıxış edərək dünya irsinin mövcud vəziyyətinə dair dövri hesabatı diqqətə çatdırıb. Dövri hesabatın vəziyyətinə dair tədqiqatlarda Sloveniya təmsilçisi Tatyana Dizdareviç, Afrıka Dünyası İrs Fondunun (AWHF) nümayəndəsi Albino Jopela, Bəhreyn nümayəndəsi Həsən Camali çıxış edib.

Suriyadan olan memar Lina Kutiefanın çıxışı xüsusi maraq doğurub. O qeyd edib ki, ölkəsindəki eramızdan əvvəl II minilliyə aid, sahəsi 36 hektar olan Palmira şəhəri, Hələb və Dəməşq şəhərləri YUNESKO-nun Dünya İrsi Siyahısına daxildir. Onun sözlərinə görə, Suriyada uzun illərdir davam edən müharibə nəticəsində bütün dünyaya məxus olan bu mədəni irsə ciddi ziyan dəyib. Belə ki, Palmira məbədi, Hələb və Dəməşq qismən dağıdılıb. Lina Kutiefan ölkəsində dağıdılmış mədəni irsin görünüşünü əvvəlki və hazırkı fotolardan ibarət slaydlarla nümayiş etdirib. Həmçinin, bu abidələrin yanğınlardan və yanğınları su ilə söndürərkən də ciddi ziyan gördüyünü vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər