Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev ilə avqustun 21-də vida mərasimi keçirilib.
Axar.az xəbər verir ki Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev və Nazirliyin məsul zabitləri, Türkiyə Respublikası hərbi attaşelik aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri, mərhumun xidmət yoldaşları pilotun valideynlərinə və yaxınlarına başsağlığı veriblər.
Mərasimdə çıxış edən Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani polkovnik-leytenant R.Atakişiyevin həyat və döyüş yolu barədə məlumat verib. Bildirilib ki, R.Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib.
R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki möhtəşəm hərbi paradlarda onun nümunəvi uçuşları yüksək qiymətləndirilib.
Hərbi Hava Qüvvələrinin məsul zabitləri polkovnik Elşad Pənahov və polkovnik Zaur Rüstəmov çıxış edərək Rəşad kimi vətənpərvər zabitlə xidmətlərindən fəxr etdiklərini və Ordumuzda onun kimi hərbi qulluqçuların yetərincə olduğunu vurğulayıb, mərhumun ailə üzvlərinə və əzizlərinə dərin hüznlə baş sağlığı verib, “Vətən sağ olsun!” deyiblər.
Pilotun atası Saləddin Atakişiyev təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib. “Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyib.
Ailəsi və doğmaları mərhumla vidalaşdıqdan sonra polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi dəfn edilməsi üçün hərbi orkestrin ifa etdiyi matəm marşının müşayiəti ilə II Fəxri Xiyabana yola salınıb.
Polkovnik-leytenant R.Atakişiyev hərbi və dini ənənələrə uyğun olaraq yaylım atəşləri və Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Vətən torpağına əmanət edilib, məzarı üzərinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Hərbi Hava Qüvvələrinin və digər qurumların adından əklil və tər qərənfillər düzülüb.
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov cənazə üzərinə sərilən üçrəngli Azərbaycan bayrağını əbədi xatirə saxlanılması üçün mərhumun ailəsinə təqdim edib.
Zabit R.Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva müqəddəs bayrağı qəbul edərək, “Rəşadın yadigarlarını, Turqut və Qabili onun adına layiq, bu bayrağa sədaqət ruhunda tərbiyə edəcəyəm. Vətən sağ olsun!”, - deyib.
Din xadimi şəhidlərin ruhuna dualar oxuyub.
Pilot Rəşad Atakişiyevin qayınatası, professor Qabil Hüseynli zabit ailəsinə göstərilən böyük diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.