Başqanlığa namizəd platformasını açıqlayıb
Müsavat Partiyasına başqanlığa namizəd Səxavət Əlisoy qurultaydan sonra partiyanın hansı addımlar atmalı olduğuna dair fikirlərini sosial şəbəkələrdə açıqlayıb.
S.Əlisoy qeyd edib ki, partiya qurultaydan sonra 11 istiqamətdə dəyişikliklər etməlidir.
Birinci istiqamətdə qurultay nümayəndələrinin sayının 200, Məclis üzvlərinin 50, Divan üzvlərinin 11 nəfər müəyyən edilməsi nəzərdə tutulur.
Namizəd hesab edir ki, belə olduğu halda qurultaya, Məclisə və Divana daha intellektual, püxtələşmiş, fədakar müsavatçılar seçilər. Regionçuluğa və saxtakarlığa “stavka”lar ortadan qalxar, qurultayın vaxtında keçirilməsində, Məclisin və Divanın fəaliyyətində, ən əsası rasional qərarların qəbulunda problem yaşanmaz.
İkinci istiqamətdə nəzərdə tutulur ki, partiyada daimi fəaliyyətdə olan, 5-6 peşəkar mütəxəssisdən ibarət “Analitik qrup” (“Beyin mərkəzi”) yaradılmalıdır.
Üçüncü istiqamətdə kadr seçimində populistlərə deyil, intellektuallara “stavka” edilməsi vacib hesab olunur. Onun fikrincə, bir müsavatçının partiyada iki vəzifə daşımasının qarşısı alınmalı, iki seçkidən artıq vəzifədə qalmaqda davam edən rayon təşkilatının sədrləri istefaya göndərilməlidir. Partiya rəhbərliyində Azərbaycanın bütün regionlarının və partiyada çoxluq təşkil edən etniklərin nümayəndələrinin təmsilçiliyi nəzərdə tutulmalıdır.
Dördüncü istiqamətə görə, partiyanın təməl prinsiplərindən ikisi- Millətçilik və Türkçülük müzakirəyə çıxarılmalı, çağdaş siyasi durumda liberal dəyərlərə verilən önəm, millətçiliyin bir partiyanın təməl prinsipi elan olunmasının mənfi və müsbət tərəfləri saf-çürük edilməlidir. (Qeyd olunur ki, “Müsavat başqanı türk oğlu türk olmalıdır” başlıqlı statusla həm müsavatçıların, həm də ziyalılarımızın nəbzi yoxlandı və qənaət belədir ki, bu məsələ müzakirə predmetidir).
Beşinci istiqamət kimi partiya 90-cı illərdən qalma populist şüarlardan imtina etməli, səmərəsiz siyasi aksiyalara son qoyulmalı, siyasi aksiyalar yalnız partiya imicinə müsbət təsir edəcəyi - real xalq dəstəyi olduğu zaman gündəmə gəlməli, qarşıdurma yaradan icazəsiz aksiyalar əvəzinə icazəli məkanlarda güc nümayiş etdirməyə nail olunması nəzərdə tutulur.
Altıncı istiqamət işğal olunan torpaqlarla bağlıdır: “İşğaldakı torpaqlarımızın məsələsi daimi olaraq partiyanın gündəmində olmalı, mütəmadi olaraq dəyirmi masalar təşkil edilməli, Avropadakı mühacir müsavatçıların AŞ PA və digər beynəlxalq qurumlar qarşısında bu problemin gündəmə gətirilməsi təmin edilməlidir”.
Yeddinci istiqamət Müsavatda tam şəffaf mühit bərqərar olunmasını, toplanan üzvlükhaqları və ianələr barədə hər ay məlumat verilməsini, partiya rəhbərliyində təmsil olunacaq şəxslər mal varlığı barədə cəmiyyəti məlumatlandırılmasını nəzərdə tutur.
Səkkizinci istiqamət isə partiya öz fəaliyyətində yalnız siyasi mübarizədə təkamül yolunu tutmalı olması, inqilab eyforiyasından uzaq dayanması ilə bağlıdır.
Doqquzuncu istiqamət siyasi müttəfiqləri müəyyən edərkən, partiya rəhbərlərinin şəxsi münasibətləri yox, partiya maraqlarının önə çəkilməsi ilə bağlıdır.
Onuncu istiqamət partiyada üzvlüklə yanaşı, tərəfdaşlıq institutu yaradılmasını nəzərdə tutur.
Sonuncu istiqamət isə Azərbaycanın qonşularla ikitərəfli münasibətlər qurmasını, Avropaya inteqrasiyasını xarici siyasətdə hər zaman olduğu kimi prioritet hesab etməsini əhatə edir.
Nemət