17 Yanvar 2020 14:37
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəddir. Bu gün seçki təbliğatına rəsmi start verilib. Teleqraf.com Müsavat.com-a istinadən R.Arifoğlu ilə söhbətin ilk bölümünü təqdim edir.

- Rauf Arifoğlu böyük bir media holdinqin rəhbəri, sözünü demək üçün ciddi tribunalara, bir çox hallarda hətta 125 deputatdan daha çox üstün imtiyazlara sahib biri kimi... niyə millət vəkili olmaq istəyir? Millət vəkilliyi Rauf Arifoğlunun imtiyazlarına nə qatacaq?

- Ölkə boyunca bir dəyişiklik prosesi gedir, böyük bir islahat dalğası başlayıb. Bu, yuxarıdan islahatdır. Hakimiyyətin bütün qolları prezident tərəfindən islah olunur, sosiallaşdırılır, sosial dövlət modelinə keçid çox sürətlə gedir. Bu prosesin içərisində hakimiyyətin qanunverici qolu olan parlamentin də islahına, demokratikləşdirilməsinə, yenilənməsi start verilir. Mən bu dəyişimin içində və özündə olmaq istədim. 30 ilini mətbuata, 31 ilini siyasətə həsr etmiş bir insan kimi Prezidentin başlatdığı dəyişim prosesinin içərisində olmağa qərar verdim və bunun üçün də seçkilərə qatıldım. Prezidentin parlamenti yeniləmə prosesində orada yeni simaların olmasının göstəricilərindən biri də mənim Milli Məclisdə o kreslolardan birində oturmamdır. Eyni zamanda bundan əvvəl də parlament seçkilərinə qatılmış şəxs kimi tarix yazmaq istədim. İçərimdə, özümdə də zamanında xoşagəlməz alınmazlıqdan və haqqımın yeyilməsindən doğan revanş hissi də vardı ki, üçüncü dəfə seçkilərə qatılıb müvəffəq olmağı yoxlayacam.

Mən qərarımı verdim. Siz deyirsiz ki, “böyük bir media tribunanız, söz demək imkanlarınız var”.

Haqlısınız, amma media son illərin yanlış siyasəti nəticəsində o qədər ürəkaçan vəziyyətdə deyil. Ona görə də parlamentdə, qanunverici hakimiyyətdə məhz medianı bilən, həm də dərindən bilən, o medianı həyat tərzi kimi yaşayan, eyni zamanda media strukturunun rəhbərinin təmsilçiliyi çox vacibdir. Məhz bu tribunanın yenidən şəkilləndirilməsi, yenidən update olunması son dərəcə önəmlidir. Orada o qanunları bilən, “Reklam haqqında” Qanunun dəyişmə zərurətini dərindən yaşayan, Azərbaycan mediasının qalxınmasında maraqlı olan birinin olması, nəinki səsverməsi, qanunları hazırlamaq üçün çalışması, eyni zamanda sağ-solumda oturan, çay içəcəyimiz deputat yoldaşlarımızla bu sahəyə lobbiçilik edən birinin olması son dərəcədə önəmlidir. Eyni zamanda açıq deyirəm - prezident İlham Əliyevin sosiallaşma və sosial dövlət modelinə keçidin vətəndaşlara daha sürətlə çatması, daha yüksək etimad, ümid qazanması üçün mənim kimi xalq arasından çıxan media rəhbərinin bu siyasəti seçiciyə çatdırması da önəmlidir. Xalq mənim qismimdə 35 saylı seçki dairəsindən bir deputat seçərsə, 38 min seçici, 100 minə yaxın insan və ailə demokratiyaya, dövlətinə inanacaq. Mən bu inamı parlamentdə təmsil etmək iddiasında və əzmindəyəm. Ona görə də deputatlığa namizədəm.

- Xatırlatdınız ki, daha öncə iki dəfə namizədliyinizi irəli sürsəniz də, nəticə arzuladığınız kimi olmayıb. Bu dəfə eyni nəticəni yaşamayacağınıza əminliyiniz nədən irəli gəlir? Nə dəyişib Azərbaycanda, nələr dəyişib ki... siz bu yarışa bir daha qatılmaq qərarı vermisiniz?

- Mən ölkənin ən məlumatlı adamlarından biriyəm. Bu, mənim media orqanına rəhbərlik etməmin verdiyi üstünlüklərdən biridir. Bütün mənbələrdən, instansiyalardan məlumat alma imkanlarına sahibəm. Birincisi, bu məlumatlardan çıxış edirəm. İkincisi prezidentin parlamenti buraxma yönündəki fəaliyyəti, ümumiyyətlə, ölkəni, öz hakimiyyətini yenidən dizayn etməsi məndə bu prosesdə iştirak etmək əminliyi yaratdı. Mən bu nəticəyə inanıram. İnanmasaydım, azacıq tərəddüd etsəydim, namizədliyimi irəli sürməzdim. Yenə də gözlərdim. Əks halda, ənənəvi mediadan, sosial mediadakı mənə məxsus olan seqmentlərdən istifadə edərək, mesajlarımı cəmiyyətə, dünyaya, elə hakimiyyətə də ünvanlayardım. Mən prezidentin siyasətinə və onun səmimiyyətinə inanıram.

- Niyə Xətai rayonu və niyə 35-ci dairə? Ən çox verilən suallardan biri də budur, fərqindəsiniz yəqin...

- Mən yüksək məlumatlı şəxslərdən biriyəm. Bu informasiyalılıq mənə imkan verir ki, eyni zamanda dairələrədə öncədən zəif bəndləri də müəyyənləşdirim. Haradan namizədliyimi versəm, xalqdan daha yüksək səs alaram, harada daha az maneçilik görərəm, rəqabət prosesini performans şəklində göstərə bilərəm? Bütün bunları hesablamaq, təhlil etmək imkanlarım vardı. Birincisi, məlumatlılıq burada yüksək rol oynadı. İkincisi, mən 21 ildir ki, Xətai rayonunda yaşayıram. 21 ildir dəyişməz ünvanım Xətai rayonudur. Özüm tovuzluyam. Orada doğulmuşam, atam, babalarım orada yaşayıb. 300 ildən yuxarı nəslim tovuzludur. Amma mən Tovuzda cəmi 17 il yaşamışam, 17 yaşımda, orta məktəbi bitirəndə oradan çıxıb Bakıya gəlmişəm və ondan sonra Tovuza ancaq qonaq qismində getmişəm. Amma mənim 21 ildir ki, yurdum-yuvam, evim-eşiyim Xətai rayonudur. Bu rayonu, onun problemlərini əzbər bilirəm. Əhalinin icra hakimiyyəti ilə toqquşmalarını mən də sakin, vətəndaş olaraq dəfələrlə yaşamışam. Qonşuların işığı kəsiləndə mənim də işığım kəsilib, suyu kəsiləndə mənim də suyum kəsilib. Bu problemləri, bu rayonu məndən yaxşı biləcək ikinci bir iddiaçı tanımam mümkün deyil. Niyə 35-ci dairə? O dairənin bir qismi ilə zamanında, 1995-ci ildə Nəsib Nəsibli deputatlığa namizəd olanda işləmişəm, əhaliyə bələdəm. Əhalinin mənim kimi insanlara necə reaksiya verə biləcəyini yaxşı bilirəm. Burada çox sayda tərəfdarım ola biləcək eloğlularım, yaxınlarım, dostlarım yaşayır. Bu dairədə 50-yə yaxın mənzil var ki, məhz mənim soyumdan, kökümdəndir. Doğulduğum kəndin sakinidir. Naximov küçəsində ən azı 20 mənzil bilirəm ki, mənim yaxın adamlarım, qohumlarımdır. Digər küçələrdə də 40-a yaxın ailə var ki, həyat yoldaşımın qohumlarıdır.

Yeni Azərbaycan Partiyasının siyahısının əhəmiyyətli bir hissəsini siyahı açıqlanmadan bilirdim. Bunda da mənim 30 illik peşə fəaliyyətimin rolu var. Bu, mənim peşəmdir - bilirdim ki, hakimiyyətin burada həyati əhəmiyyətli namizədi olmayacaq. Ona görə də bu dairəni seçdim. Bu dairə qələbə qazanmam, insanlarla işləməmə çox uyğundur. Həm də öz rayonumdur. Burada mənə ehtiyacı olan, kömək edə biləcəyim minlərlə insan var ki, mən deputat seçiləcəyim təqdirdə onların da səsi olacağam.

- Hazırda bu dairə üzrə namizədliyini verən daha 17 nəfər var. Rəqiblərinizin performansı, onlarla rəqabət mühiti və bu marafonda sizinlə rəqabət aparma şanslarını necə qiymətləndirirsiz?

- Bütün rəqiblərimi, onların fəaliyyətini izləyirəm. Bunun üçün mənim xüsusi qrupum da var, onların fəaliyyətini izləyir, məlumat toplayırlar ki, bu da çox normaldır. Bu dairə üzrə daha çox mənə rəqib olacaq bir namizədin adı çəkilir ki, mən bunun belə olduğunu düşünmürəm. Rəqibimin yaxın çevrəsində olan insanlar sosial şəbəkə üzərindən məni ittiham edirlər ki, niyə dostunun namizəd olduğu dairədən namizədliyini verirsən? Kim bilməsə də, mənim o dost deyilən rəqibim 2 ilə yaxın müddətdir ki, dost olmadığımızı bilir. Ümumiyyətlə, heç nə deyilik. Bu, ən azı mənim üçün belədir. Mən bu dairədən namizədliyimi irəli sürəndə mənim burada heç bir dostum yox idi. Sizi əmin edirəm - olsaydı, öncədən söhbət etmək, danışmaq şərti ilə “gəl ölçüb biçək, şanslarımızı dəyərləndirək” deyərək, yenidən bu dairə üzrə namizədliyimi verərdim. Çünki mən bu dairədən namizədliyimi verirəmsə, buna əminəm. Ona görə dost olacaq şəxslə də söhbət edər, danışar, onu inandırardım. İnsanlar mənə inanırlar, dostlarım da həmçinin. İnsanlar bilirlər ki, Rauf Arifoğlu bu dairəyə boşuna gəlməz, qələbə qazanacağına əmindir. Amma bu dairədə bu söhbətə belə ehtiyac duyacağım insan olmadı. Ona görə də namizədliyimi verdim, heç bir mənəvi, vicdan yüküm, heç kəs qarşısında da borcluluğum, öhdəliyim yoxdur. Ümumilikdə isə bu seçkidə qonşular, qohumlar və dostlar iştirak edirlər. Kim kimə düşməndir? Seçkinin və demokratiyanın ideologiyası budur əslində. Seçki demokratiya və insan ideologiyası əsasında idarə olunur. Bunların heç birini gözaltı etməmişik, heç kimin şansına və haqqına girməmişik.

Sonrakı proseslər də göstərdi ki, mən nə dərəcədə haqlıyam. İnsanların reaksiyası və mənə qucaq açması, mənimlə görüşdə sevinc içərisində olması hər şeyi sübut etdi. Onlar gördülər ki, əlində media gücü olan bir insan onların yanına gəlib və bu insan onların problemlərinin həllində iştirakçı olacaq.

- Bugünlərdə seçki qərargahınızın rəhbəri verdiyi müsahibədə bildirmişdi ki, Rauf Arifoğlu hansı dairədən namizədliyini versəydi, mübahisə yaranacaqdı. Sosial şəbəkədəki müzakirələrdən, paylaşım və statuslardan görünən odur ki, namizədliyinizi verdiyiniz dairəyə böyük diqqət var. Hətta mübaliğə ilə desək, sanki seçki təkcə 35-ci dairədə keçirilir. Mənzərə niyə belədir? Söhbət Rauf Arifoğlu personasından gedir, yoxsa sizin yerinizə başqa redaktor da namizədliyini versəydi, bütün bunların şahidi olacaqdıq?

- Sual şəklində verdiyiniz mətni təsbit şəklində qəbul edirəm. Sual işarəsini çıxararaq, təbii ki... Bəli, Azərbaycanda hazırda seçki prosesi sanki Xətai 35 saylı seçki dairəsində gedir. Mənim seçki qərargahımın rəhbəri, hörmətli Çingiz Özgür də tanınan personalardan, imza sahiblərindən biridir. Onun və mənim personamıza yüksək diqqət var. Amma əmin olun ki, mən Azərbaycanın hansı dairəsindən deputatlığa namizədliyimi versəydim, mənə, personama belə diqqət olacaqdı. Bir ölkənin əsas media gücünün sahibi və rəhbəri kimi personam hər zaman diqqət mərkəzində olub. Mən 28 saylı Sabunçu seçki dairəsindən namizədliyimi verəndə də, 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyimi verəndə də bu diqqət olmuşdu. Hələ 2000-ci ildə proporsional seçki sistemi ilə mənim namizədliyim veriləndə də ölkədə əsas hadisə mənim namizədliyim idi. O zaman üzvü olduğum Müsavat Partiyası praymerz keçirmişdi və o zaman mənim adım 6-cı sırada çıxmışdı. O da bir hadisəyə çevrildi ki, Rauf Arifoğlu sıralamada 2-3-cü olacağı halda, 6-cı sıraya yerləşdirildi. İndiki başqan o zaman praymerzə hiylə qatmışdı və mənim adımı süni şəkildə arxaya itələmişdi. Bu, o zamanlar idi ki, “Yeni Müsavat” qəzeti partiyadan da öndə idi və onun baş redaktoru başqandan sonra ikinci sırada yer almalı idi.

O zaman da belə hadisə olmuşdu. Mən alışqanam və mənzərə belə olmasaydı, mənə qəribə gələrdi. Ölkənin siyasi liderlərinin əksəriyyəti seçkiyə qatılıblar. Onların seçki qərargahından bir görüntü, bir konsepsiya, bir hərəkət, bir platforma varmı? Yoxdur heç yerdə heç nə. Düzdür, belə bir mühitdə parlamaq çox asandır. Amma hər kəs bilməlidir ki, biz arı kimi çalışırıq. Rəqiblərimizə də, Azərbaycana da halal seçki təklif edirik. Biz Azərbaycan prezidentinin apardığı xəttə inanaraq, o siyasətə haram qatmaq fikrində də deyilik. Mənim iddiam istənilən rəqibimi minimum 5 min, maksimim 10 min artıq səslə udmaqdır. Daha bir iddiam buradakı insanlara ümid verməkdir. Hakimiyyətə, onun öz dövlətinə inamını bərpa etməkdir. Seçiciyə də bu mesajı verməkdir ki, hər şey dəyişəcək: sənin həyatında da, sənin hər gün gördüyün həyətində də. Hər şeyi dəyişdirəcəyik. Ona görə yox ki, Rauf Arifoğlu buraya gəlir. Ona görə ki, sənin etibarlı millət vəkilin, dövlətlə sənin aranda vasitəçilik edəcək şəxs gəlir. Tam millət vəkili platformasını həyata keçirəcək şəxs kimi ora gəlir. Bunu məndən yaxşı edəcək namizəd yoxdur. Mənim əksər rəqiblərimin hakimiyyətlə problemləri var. Onlar bu revanşı - özünün firqə maraqlarını həyata keçirmək üçün xalqdan səs almaq istəyir. Onların bu xalqın problemlərini səsləndirmək imkanları olsa da, hakimiyyətlə münasibətləri bu problemlərin həllinə yardımçı olmasına imkan verməyəcək. Hazırda ideal bir mühit yaranıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər