25 Yanvar 2020 13:42
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dünən axşamdan bəri baş verən zəlzələlərdən sonra mənə çoxsaylı müraciətlər var. Bildirmək istəyirəm ki, qardaş Türkiyənin ərazisi seysmik baxımdan çox aktiv bölgədir. Orada bir sıra aktiv qırılmalar var. Axırıncı baş verən zəlzələlər də ərazidə aktivliyin yüksək olduğunu göstərdi. Bu zəlzələlərin Azərbaycana təsirinə gəlincə, heç bir bağlılıq yoxdu.

Teleqraf.com xəbər verir ki, bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

Azərbaycan ərazisinin də seysmik bölgədə yerləşdiyini bildirən Vüsalə Rafiqqızının sözlərinə görə, bizim ərazimizdəki qırılmaların nə Türkiyə, nə də digər qonşu ölkələrlə əlaqəsi var:

"Seysmik bölgələrdə vaxtaşırı hiss olunan və ya hiss olunmayan təkanlar baş verir. Lakin zəlzələnin dəqiq proqnozu olmadığına görə birmənalı şəkildə heç kim zəlzələ olacaq və ya olmayacaq tipli proqnoz verə bilməz".

Vüsalə Rafiqqızı jurnalistləri əhalini narahat edə biləcək, heç bir əsası olmayan xəbərləri yaymamağa çağırıb: "Bu sahədə nə sualınız varsa bizdən soruşa bilərsiniz. Bütün jurnalistlər mənim istənilən vaxtda müraciətlərə açıq olduğumu bilirlər".

Eyni zamanda Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli də açıqlama verib.

O, Axar.az-a deyib:

"Mərmərə dənizi, Qara dəniz sahilləri, şimaldan uzanan Pontus dağları, cənubdan Zaqros dağları Afrika və Avrasiya platalarının sərhəd bölgələri olduğu üçün Türkiyə seysmoloji cəhətdən aktiv zona hesab edilir. Bu səbəbdən Türkiyədə güclü zəlzələlər baş verir".

Mütəxəssis bildirib ki, bəzən eyni yerdə müəyyən vaxt keçməsinə baxmayaraq, yenidən zəlzələlər baş verə bilər: “Buna ən yaxşı nümunə 1999-cu ildə Kocaelində baş verən zəlzələdir ki, keçən il eyni yerdə yenidən zəlzələ baş verib. Türkiyənin şərqində baş verən zəlzələlər də oxşar hadisələrdir”.

Qurban Yetirmişli Azərbaycanın seysmoloji vəziyyətindən də danışıb:

“Azərbaycanda da zəlzələ vaxtaşırı olur. Məsələn, ötən ilin fevral ayının 5-də Şamaxı-Ağsu-İsmayıllı istiqamətində hiss edilən ölçüdə zəlzələ baş verdi. Əslində Azərbaycan da seymik cəhətdən fəal bir yer olaraq görülür. Cünki Böyük Qafqaz dağları cavan dağlardır. Bu baxımdan əslində ölkəmizdə zəlzələlər çox tez-tez baş verir. Hətta orta statistik göstəricilərə görə, gün ərzində Azərbaycanda 10-15 zəlzələ olur. Lakin bunlar çox kiçik ölçülüdür. Digər tərəfdən bizdə iri yaşayış məskənlərinin seysmaloji cəhətdən fəal bölgələrdən uzaqda olması bu zəlzələlərin hiss edilməməsinə səbəb olur. Lakin biz müntəzəm olaraq mətbuata ölkədə maqnitudası 3-dən yuxarı olan zəlzələlər haqda məlumat veririk”.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ vilayətində şiddətli zəlzələlər baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 20-ni, yaralıların sayı isə 1000-i keçib.


Müəllif: Teleqraf.com