1 Oktyabr 2014 17:56
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi Twitter səhifəsində Xəzər dənizinin hüquqi statusu ətrafındakı müzakirələr və Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini bölüşüb.

Teleqraf.com-un məlumatına görə, ölkə başçısı qeyd edib ki, Azərbaycanın bütün Xəzəryanı dövlətlərlə münasibətləri çox sıx, qarşılıqlı faydalı, dostcasına tərəfdaşlıq münasibətləridir:

“Bizim bugünkü nailiyyətlərimiz, bağladığımız sazişlər çox ciddi, səmimi işin nəticəsidir. Biz bəzi istiqamətlər üzrə irəliyə doğru atılmış mühüm addım hesab oluna biləcək qərarlar qəbul etdik. Bu qərarlar bizdə Xəzərdə qarşılıqlı fəaliyyətimizlə bağlı bütün məsələləri həll edəcəyimizə daha artıq inam yaradır. Ölkələrimiz arasında qarşılıqlı əlaqələrin və etimadın səviyyəsi nəzərə alınmaqla hər bir Xəzəryanı ölkə, eyni zamanda, həm özünün, həm də qonşusunun təhlükəsizliyini təmin edir. Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında ikitərəfli və üçtərəfli sazişlərdə təsbit olunmuş prinsiplər bütün Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsinə dair razılaşmalara nail olmaq üçün yaxşı əsas ola bilər. Biz dənizin dibinin həmhüdud sahələrinin bölünməsində əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk. Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik”.

İ.Əliyev vurğulayıb ki, Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir: “Xəzəryanı ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir. Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir. Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir”.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti regional təhlükəsizliyə başlıca təhdiddir: “Bu münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü əsasında həll edilməlidir. Ermənistan rejimi bu münaqişənin uzanmasının mümkün nəticələrinə görə birbaşa məsuliyyət daşıyır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər