13 İyul 2020 16:10
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycan torpaqlarını atəşə tutması onun təcavüzkar siyasətini bir daha ortaya qoyur. Azərbaycan ordusu buna görə düşmənin layiqli cavabını verib. Bu, Azərbaycan ordusunun gücünü, qüdrətini göstərən faktdır. Ermənistanın təcavüzkar siyasətini davam etdirərək Azərbaycan ərazilərini atəşə tutması müxtəlif səbəblərə görə ola bilər. Bu səbəblərdən biri də Ermənistanda mövcud olan dxili situasiyadır. Bu situasiya gərgindir, düşmən ölkədə hakimiyyət böhranı pik həddə çatır. Ola bilsin ki, erməni hökuməti bu addımla diqqəti daxili siyasi vəziyyətdən yayındırmaq və həm də yumşaltmaq istəyirlər.

Bu fikirləri Teleqraf.com-a hüquqşünas Qulamhüseyn Əlibəyli cəbhənin Tovuz istiqamətində baş verən atışmadan sonra Ermənistan hökumətinin dərhal üzvü olduğu hərbi blokla-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqə saxlaması, bu qurumun təcili iclas çağırmasını şərh edərkən deyib.

Müsahibimiz xatırladıb ki, hazırda Ermənistan-Rusiya münasibətlərində bir qədər soyuqluq özünü göstərir: “Ermənistan cəbhədə baş verənlərdən istifadə edərək bu soyuqluğu ört-basdır etmək və KTMT-dan yardım almaq istəyir. KTMT ən yaxşı halda Ermənistana siyasi dəstək ifadə edə və ya hərbi sursat formasında dəstək verə bilər. Hesab etmirəm ki, KTMT birbaşa hərbi yardım göstərsin. Hər halda istənilən yardım bölgədə vəziyyəti gərginləşdirəcək.

Amma mən irimiqyaslı əməliyyatların olacağını istisna edirəm. Çünki erməni ordusu anlayır ki, onlar irimiqyaslı hərbi əməliyyatlar aparmaq qüdrətində deyillər. Rusiyanın da prosesə birbaşa müdaxilə etməsi ehtimalı sıfırın altındadır. Amma Ermənistana müəyyən mənda silah və sursat formasında yardım edilə bilər.

Lakin bu halda da ortaya sual çıxacaq: KTMT üzvləri Azərbaycanla münasibətlərin pozulmasını gözə alaraq buna gedərlərmi? Məncə, məsələnin maraqlı tərəfi də buradadır. Qazaxıstan heç bir halda bu prosesdə Ermənistana hərbi yardım göstərmək haqqında düşünməyəcək. Belarus-Azərbaycan münasibətləri də yüksək səviyyədədir. Və rəsmi Minsk Azərbaycanla münasibətləri pozmağı gözə almaz. Deməli, Belarusun da onlara dəstək verməsi sadəcə ehtimal kimi qiymətləndirilə bilər. Rusiya isə bu vəziyyətin yaranmasını arzu etməz. Deməli, KTMT-nın indiki mərhələdə anti-Azərbaycan addımları mümkün deyil”.


Müəllif: Cavad