8 Sentyabr 2020 16:04
3 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kürdoğlu Əsgərovun ictimailəşdirdiyi sənədin hüquqi əsası yoxdur”

Xəbər veridiyimiz kimi, erməni əsirliyində olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ailəsinə qarşı haqsızıq olunduğunu iddia edib. O bildirib ki, atası 2001-2002-ci illərdə ailənin dolanışığı üçün Şəmkir və Daşkəsən rayon ərazisində bələdiyyə mülkiyyətində olan 35 hektara yaxın bağ sahəsini uzun müddətə (15 illik) icarəyə götürüb. Kürdoğlu Əsgərov deyir ki, “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən torpaqda onların istifadəsində olan bağ sahəsi də varmış. Həmin sahədə 70 qoz, 692 ədəd isə müxtəlif meyvə ağacı olub. İddiaçı deyir ki, mütəxəssislərin hesablamalarına görə, onlara dəyən zərərin miqdarı 1 549 860 (Bir milyon beş yüz qırx doqquz min səkkiz yüz altmış) manatdır. Bu məbləğ dövlət büdcəsindən ayrılsa da, həmin vəsait ailəyə ödənilməyib.

Məsələ ilə bağlı Teleqraf.com-un suallarını Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ramiz müəllim, Kürdoğlu Əsgərovun səsləndirdiyi iddialarla bağlı mövqeyinizi bilmək maraqlı olar...

- Səslənən iddiaların heç bir əsası yoxdur. İlk növbədə onu qeyd edim ki, “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən torpaqların dövlət ehtiyacları üçün geri alınması prosesi rayon İcra Hakimiyyətlərinin sərəncamları ilə yaradılmış Dövlət Torpaqayırma Komissiyaları tərəfindən həyata keçirilib. Dövlət Torpaqayırma Komissiyaları rayonda olan torpaq mülkiyyətçilərinin mülkiyyət sənədləri əsasında tikinti altına düşən torpaqların geri alınması və kompensasiya üçün qiymətləndirmə işlərini yerinə yetirir.

O zaman adıçəkilən şəxsin heç bir iddiası olmayıb və onun tərəfindən həmin komissiyaya heç bir sənəd təqdim edilməyib. Yəni nə icarə, nə də onların üzərində olan mülkiyyət forması haqqında sənədlərin heç biri olmayıb.

Ərizəçi Kürdoğlu Əsgərov ümumilikdə üç iddia ərizəsi ilə çıxış edir. Guya “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən Daşkəsən rayonunun Quytul bələdiyyəsi Dilqəm Əsgərova 15 il müddətinə 4.5 hektar bağ sahəsini icarəyə verib. 2002-ci il mayın 25-də bağlanan torpaq icarəsi müqaviləsinə əsasən, bu bağ sahəsində 70 ədəd qoz ağacı olub. Bu, ağ yalandır. Çünki tərəfimizdən Daşkəsən rayon Zəylik bələdiyyəsinə müraciət olunub. Adı çəkilən bələdiyyə Dilqəm Əsgərovun adına heç bir icarə müqaviləsinin olmaması barədə arayış verib.

Ümumilikdə rayon İcra Hakimiyyətinin tərkibində daim fəaliyyət göstərən razılaşma və qiymətləndirmə Komissiyası 12 mart 2009-cu il tarixli aktı ilə obyektin tikintisi altına düşən Daşkəsən rayon Zəylik bələdiyyəsinin mülkiyyətində olan torpaqlara (örüş sahəsi) dəyən ziyanın ümumi dəyəri hesablanıb. 2010-cu il avqustun 20-də Zəylik bələdiyyəsinin bank hesabına torpaqların geri alınması üçün vəsait köçürülüb.

Tikinti altına düşən torpaq sahələrinə görə kompensasiya 2010-cu ildə ödənilib. Amma buna baxmayaraq, 4 il keçəndən sonra, yəni 2014-cü ildə Dilqəm Əsgərovun müraciəti ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Daşkəsən rayon Zəylik bələdiyyəsinə müraciət olunub. Müraciətimizə cavab olaraq Zəylik bələdiyyəsi 2014-cü ildə 23 nömrəli arayışla Şəmkirçay su anbarının altına düşən 4.5 hektar ərazinin bələdiyyəyə məxsus olduğunu bildirib. Həmçinin Şəmkir rayonunun Çinarlı qəsəbə sakini Dilqəm Əsgərova Zəylik bələdiyyəsi tərəfindən heç bir torpaq sahəsinin icarəyə verilməməsi və belə bir icarə müqaviləsinin mövcud olmadığı da öz əksini tapıb.

İkinci iddia isə, “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən rayonun Nərimanlı bələdiyyəsinin Dilqəm Əsgərova 15 il müddətinə icarəyə verdiyi 30 hektar torpaq sahəsi ilə bağlıdır. 2002-ci il yanvarın 3-də bağlanan 01 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən, həmin ərazidə 692 ədəd meyvə ağacı bəndin subasar hissəsində qaldığı üçün kompensasiya tələb olunur.

Şəmkir rayon İcra Hakimiyyətinin sərəncamı ilə təşkil olunmuş Torpaqayırma Komissiyası 2009-cu il aprelin 29-da verilmiş aktla tikinti altına Nərimanlı kənd bələdiyyəsinin 369.52 hektar torpaq sahəsi və 749 ədəd meyvə ağacı düşdüyü müəyyən edilib. Bu məqsədlə də Nərimanlı kənd bələdiyyəsinin bank hesabına vəsait köçürülüb.

Araşdırma nəticəsində Nərimanlı bələdiyyəsinin 2014-cu il noyabrın 19-da 22 nömrəli məktubu ilə müəyyən olunub ki, Əsgərov Dilqəm Qardaşxan oğlu ilə heç bir icarə müqaviləsi bağlanmayıb. Nərimanlı bələdiyyəsinin 8 iyul 2010-cu il qərarına əsasən, vətəndaşlarla bağlanmış uzunmüddətli müqavilələr etibarsız hesab edilib.

Üçüncü iddiada isə Şəmkir rayonunun Yuxarı Çaykənd inzibati bələdiyyəsinin Dilqəm Əsgərova 10 il müddətinə icarəyə verdiyi 1 hektar torpaq sahəsinə kompensasiya tələb olunur. Yuxarı Çaykənd kənd təsərrüfatı istehsal kooperativi ilə birgə imzaladığı 1992-ci ilin dekabr və 1996-cı il 18 noyabr müqaviləsinə əsasən, iki dəfə 5 il müddətinə 1 hektar torpaq icarəyə götürülüb.

Qeyd edək ki, Şəmkir rayonunun Yuxarı Çaykənd bələdiyyəsinə 10 il müddətinə (1992-2001-ci il) icarəyə götürdüyü 1 hektar torpaq sahəsinin imzalanmış müqavilələrə əsasən 2001-ci ildə müddəti bitdiyindən etibarsız hesab olunur. “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına Yuxarı Çaykənd bələdiyyəsinin 85.50 hektar torpaq sahəsi düşür. Onun 14.0 hektarı əkin, 71.40 hektarı örüş və 0.10 hektarı şərti yararsız olmaqla Çaykənd bələdiyyəsinin təqdim etdiyi bank hesabına kompensasiya ödənilib.

Yəni Əsgərov Dilqəm Qardaşxan oğlunun icarəyə götürdüyü 1 hektar torpaq sahəsinin sənədləri ərizəçi və yaxud Yuxarı Çaykənd bələdiyyəsi tərəfindən torpaqayırma komissiyasına təqdim olunmadığından kompensasiya ödənilməyib.

Yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlirik ki, Dilqəm Əsgərovun icarəyə götürdüyü torpaqlarda mülkiyyət hüququna dair hüquqi sənəd yoxdur və eyni zamanda bələdiyyələrlə imzaladığı icarə müqavilələri də öz təsdiqini tapmamışdı. Buna görə də səslənən iddialar əsassızdır.

- Meliorasiya və Su Təsərrüfatı ASC-nin mütəxəssisləri tərəfindən hesabat hazırlanıb Dilqəm Əsgərova təqdim olunubmu?

- “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına Dilqəm Əsgərovun heç bir mülkiyyəti düşmədiyindən kompensasiyanın ödənilməsi və bank hesabının açılması haqqında ona Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən heç bir hesabat və bildiriş təqdim olunmayıb.

Ümumilikdə “Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına 1 019.84 hektar torpaq sahəsi düşüb. Həmin torpaq sahələrində 20 182 ədəd müxtəlif növ meyvə ağacı, heyvandarlıq təsərrüfatı və yaşayış sahəsi düşüb ki, qiymətləndiricinin hesabatına əsasən göstərilən mülkiyyətə dəyən zərər üçün hesablanmış kompensasiya məbləği ödənilib.

- Kürdoğlu Əsgərov 2001-2002-ci illərdə Şəmkir və Daşkəsən rayon ərazisində bağlanan icarə müqavilələrinin əslini ictimailəşdirdi. Bu müqavilələrin saxta olma ehtimalı varmı?

- Kürdoğlu Əsgərovun söylədiyinə görə, 4.5 hektar Daşkəsən rayon Zəylik bələdiyyəsinin, 30 hektar Şəmkir rayonun Nərimanlı bələdiyyəsinin, 1 hektar isə Yuxarı Çaykənd bələdiyyəsinin ərazisində olub. Nərimanlı bələdiyyəsində 692 ədəd ağacın, Zəylik bələdiyyəsində isə 70 ədəd qoz ağacının olduğu iddia olunur.

Əslində, bunlar sözlə deyilir, amma ortada heç bir hüquqi təsdiqedici sənəd yoxdur. Yəni həm Zəylik, həm də Nərimanlı bələdiyyəsi belə bir şəxslə heç bir icarə müqaviləsi bağlamadığını bildirmişlər. Kürdoğlu Əsgərovun ictimailəşdirdiyi sənəd öz hüquqi təsdiqini tapmamışdı.

- İddialardan biri də dövlət büdcəsindən ayrılan 1 milyon 549 min 860 manat kompensasiyanın kimlər tərəfindənsə mənimsənildiyi yöndədir...

- Bu cür hal qətiyyən ola bilməz. Çünki dövlət büdcəsindən vəsait yalnız o halda ödənilir ki, həmin insanların torpaq mülkiyyətinə dair müvafiq təsdiqedici hüquqi sənədləri olur. Kimə nə qədər kompensasiyanın ödənilməsi ilə bağlı siyahıda konkret olaraq adlar bir-bir yazılır. Qiymətləndiricinin hesabatına əsasən, göstərilən mülkiyyətə dəyən zərər üçün vətəndaşlara vəsait ödənilib. Kompensasiya ödənilən vətəndaşların içərisində Dilqəm Əsgərovun adı yoxdur. Necə ola bilər ki, onun adına vəsait ayrılsın, həmin vəsait digər məqsədlər üçün istifadə olunsun və mənimsənilsin?! Belə hal ola bilməz və qəti yolverilməzdir.

“Şəmkir çayı üzərində dəryaçayın tikintisinin” altına düşən ümumilikdə 1020 hektar sahəyə dəyən zərərə görə mülkiyyətçilərə 3 milyon manat kompensasiya ödənildiyi halda 35 hektara 1 milyon 549 min 860 manat kompensasiya necə ayrıla bilər?!

Torpaqayırma komissiyası Şəmkirçay dəryaçası üçün 2009-cu ildə təşkil olunub və fəaliyyət göstərib. 2010-2011-ci illərdə mülkiyyətçilərə ödəniləcək vəsait tərəfimizdən ödənilərək yekunlaşıbdı. Dilqəm Əsgərovun ilk iddiası 2014-cü ilin noyabr ayında olub. Hansı ki, 2014-cü ildə dəryaçanın tikintisi başa çatdırılaraq istismara təhvil verilib.

Buna baxmayaraq 2016-cı ilin iyun ayında Kürdoğlu Əsgərovun Azərbaycan Respublikasının Baş Nazirinin müavini cənab Əli Həsənova müraciəti əsasında təkrar komissiya yaradılaraq yerində araşdırma aparılmış və göstərilmiş icarə müqavilələrinin heç bir hüquqi əsası olmadığı müəyyənləşdirilərək şikayətçiyə bildirilmişdi.

- Sizcə, bələdiyyələr ayrılan kompensasiyanı mənimsəyə bilərmi?

- Onu biz bilmirik. Bələdiyyə ilə mülkiyyətçinin arasında doğurdan da icarə müqaviləsi varsa, gərək o bizə də vaxtında təqdim olunardı. Biz icarə müqaviləsi olan mülkiyyətçilərə və bələdiyyələrə düşən kompensasiyanı ödəmişik. Ümumi götürdükdə ərizəçinin problemi bələdiyyələrlədir. Çünki obyekt tikilib istifadəyə verilib, əgər onun müəyyən bir iddiası varsa, Meliorasiya və Su Təsərrüfatı ASC-yə yox, bələdiyyə qarşısında qaldırmalıdır.

- Vətəndaş dövlətin ayırdığı kompensasiya ilə razılaşmayanda vəsait necə olur?

- Bu cür hallar təcrübədə var. Tutaq ki, mülkiyyətçiyə dəyən zərərin 10 min manat olduğunu iddia edir, amma Qiymətləndirmə Komissiyası tərəfindən ona 5 min manat kompensasiya hesablanıb. Belə olan halda vəsait xəzinadarlıqda saxlanılır və məhkəmə yolu ilə hüquqi cəhətdən məsələ aydınlaşdırıldıqdan sonra həmin vəsait mülkiyyətçinin bank hesabına ödənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər