27 sentyabrdan etibarən təmas xəttinin Azərbaycan istiqamətində Ermənistan silahlı birləşmələri tərəfindən edilən hücumlar nəticəsində Azərbaycanın 19 mülki vətəndaşı qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.
Baş prokuror 27 sentyabrdan etibən Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər və vurulan ziyan barədə məlumat verib:
"Bu faktlarla bağlı bir neçə cinayət işi açılıb. Bu işlər dinc əhalinin öldürülməsi, yaralanması və mülki obyektlərin zərər görməsi ilə bağlıdır. Bugünədək edilən hücumlarda 19 nəfər dinc əhali öldürülüb. Onlar arasında 3 qadın və 2 azyaşlı uşaq var. Onlar Naftalan şəhərinin Qaşaltı kəndinə hücum nəticəsində həlak olub. Ümumilikdə, bir ailənin evinə düşən mərmi nəticəsində bir ailənin 5 üzvü həlak olub. Bu hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 120 və 121-ci maddələri ilə cinayət işi açılıb. Digər bir hadisə 28 sentyabrda Ağdam şəhərində baş verib. Burada erməni silahlı qüvvələrinin hücumu nəticəsində Coşqun Paşayev həlak olub. Ağdam rayonunun Qaradağlı kəndində isə Sarıyev Elməddin həlak olub. Tərtər şəhərinə hücum zamanı 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. 28 sentyabrda ermənilərin dinc əhaliyə hücumu Tərtərdə 3 nəfərin həlak olması ilə nəticələnib. Qarabağdan olan qaçqınlar üçün salınan Sıxarx yaşayış qəsəbəsinə atılan mərmi nəticəsində 3 Azərbaycan vətəndaşı həlak olub ki, onlardan ikisi qardaşdır. Mehdiyeva Ayna 29 sentyabrda Tərtərə hücum nəticəsində dünyasını dəyişib. Füzuli rayonunun Horadiz və Cocuqmərcanlı kəndinə hücum nəticəsində 2 nəfər həlak olub. Sonuncu ölüm hadisəsi 1 oktyabrda Ağdamda qeydə alınıb".
Baş prokuror qeyd edib ki, beləliklə, Baş prokurorluq tərəfindən məsələlərlə bağlı 12 cinayət işi başlanıb: "Bu proseslər Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır".
K.Əliyevin sözlərinə görə hazırda mülki əhaliyə hücum və onların mülklərinin dağıdılması cinayətləri davam etməkdədir: "Bu dövr ərzində 300-dən artıq yaşayış və qeyri-yaşayış binaları zərər görüb. Mülki əhaliyə dəyən ziyanın həcmi Baş Prokurorluğun əməkdaşları tərəfindən araşdırılır. Cəbhə xəttinə prokurorluğun əməkdaşları ezam olunub. Onların iş şəraiti çətin olsa da, vəzifələrini layiqincə yerinə yetirməyə çalışırlar.
Təəssüf olsun ki, ermənilərin Tərtər rayonundakı Prokuorluq binasının önünə atdığı mərmi nəticəsində 1989-cu il təvəllüdlü Baş prokurorluğun müstəntiqi ağır yaralanıb. Ümid edirik ki, onun həyatını xilas etmək mümkün olacaq".