“Kuwait Times” qəzetində Ermənistanın Gəncə şəhərinə raket hücumu həyata keçirməsi ilə bağlı məqalə dərc olunub.
Teleqraf.com xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə gecə saatlarında həyata keçirilən raket zərbəsindən sonra Ermənistandan döyüş meydanında intiqam alacağını bildirdiyi qeyd edilir. Azərbaycan Prezidentinin Gəncəyə raket hücumunu müharibə cinayəti adlandırdığı vurğulanır.
Məqalədə Gəncə şəhərinin bir yaşayış məntəqəsinə qarşı həyata keçirilən raket hücumu nəticəsində 10-dan çox mülki vətəndaşın həlak olduğu və onlarla insanın yaralandığı diqqətə çatdırılır.
Müəllif Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin öz rəsmi “Twitter” səhifəsində Ermənistan tərəfindən atılan bu raket hücumu ilə bağlı yazdığı fikirlərə istinadən Gəncədə 20-dən çox evin dağıldığını qeyd edir. Türkiyənin Xarici İşlər Naziri Mövlüt Çavuşoğlunun fikirlərinə istinad edən müəllif yazır: “Ermənistan müharibə cinayətləri törətməkdə və mülki əhalini qırmaqda davam edir. Bu vəhşilik qarşısında susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir”.
Müəllif sonda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat verərək bildirir ki, onilliklərdir davam edən münaqişə bu il sentyabrın 27-dən başlayaraq daha da gərginləşib.