29 Oktyabr 2020 17:10
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəli, Prezident İlham Əliyev çox haqlıdır və çox doğru qeyd edir. Məhz Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi təcavüzkarı daha da azğınlaşdırdı.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Rusiyanın “İnterfax” agentliyinə müsahibəsi zamanı Ermənistana sanksiyaların tətbiq edilməməsi barədə dediyi fikirləri şərh edən politoloq bildirib ki, BMT Təhlükəsizliklik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnamədə İrəvanın hərəkətləri pislənilib və qoşunlarını Azərbaycanın işğal olunmuş ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarması öz əksini tapıb. Ancaq bu prosesin həyata keçirilməsini şərtləndirəcək digər addımlar atılmayıb:

“Yəni Ermənistan təcavüzkar dövlət elan edilməli idi. Təcavüzkara qarşı hansı addımların atılmalı olduğu BMT Nizamnaməsində yazılıb. Bu addımlar birincisi təcavüzkar ölkəyə müəyyən sanksiyaların tətbiq edilməsi şəklində olur. Əgər bu sanksiya onun təcavüzkar niyyətlərinə təsir etməsə, o zaman BMT-nin “mavi dəbilqəlilər” deyilən sülhməramlıları 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilə bilərdi”.

Qabil Hüseynli qeyd edib ki, işğal edilmiş ərazilərdən danışılır, amma bunu kimin etdiyi deyilmir:

“Yəni işğalçının adını çəkmirlər. Bu da işğalçını yeni işğala həvəsləndirməkdir. Cənab prezidentin çəkdiyi misaldaki tək İraq Küveyti işğal etdikdən sonra qəbul edilən BMT qərarına Bağdad tabe olmayan kimi bu ölkə bombardman edildi. Ermənistana qarşı tətbiq edilməsə də bu ölkənin hərəkətlərini məhdudlaşdıracaq, onun təcavüzkarlıq aktlarının qarşısını alacaq sanksiyalar ortaya qoyula bilərdi. Ermənistanla daha ciddi danışıqlar aparılardı. Bunun əvəzində bəzi dövlətlərin ötürməsi ilə Ermənistan daha da azğınlaşdı. İşğalı genişləndirdi, işğal olunmuş torpaqlardan çıxmaq haqqında danışmadı. Yaradılan Minsk qrupunda danışıqlar prosesini pozdu. Danışıqların substantiv, nəticəyönümlü danışıqlara çevrilməsinə imkan vermədi”.

Politoloq bildirib ki, bəzi böyük dövlətlər də təcavüzkarı şirnikləndirərək bölgəyə sülhün gəlməsinin qarşısını alıblar:

“Nəticə isə göz önündədir. Məhz onların bu cür hərəkətləri və ya hərəkətsizliyi nəticəsində Azərbaycan özü torpaqlarını azadetmə əməliyyatına başladı”.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev "İnterfaks” agentliyinə müsahibəsi zamanı deyib:

“Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi təcavüzkarı daha da azğınlaşdırdı. Ermənistana hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsinlər. Məsələn, İraq Küveyti işğal edəndən sonra İraqa qarşı tətbiq edilmiş sanksiyaları götürmək olar. Belə bir mövqeyə üstünlük verildi ki, təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq. Azərbaycan bu vəziyyətlə sonsuz barışa bilməzdi”.


Müəllif: Səxavət Həmid