Teleqraf.com-un suallarını “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (VQTRK) Azərbaycandakı rəsmi nümayəndəsi Şakir Eminbəyli cavablandırıb. Müsahibəni təqdim edirik.
– Şakir müəllim, hazırda aktiv döyüş əməliyyatları ilə yanaşı informasiya müharibəsi də gedir. Bu müharibədə hansı uğurlarımız və çatışmazlıqlarımız var?
– Birinci Qarabağ müharibəsi ilə ikinci arasında fərq hər mənada yerlə göy qədərdir. Əgər o vaxt biz uduzan tərəf idiksə, şükür Allaha ki, indi qalib gələn tərəfik. Allahın köməyi ilə məsələyə birdəfəlik nöqtə qoyarıq. O illərdə mən gənc idim. Biz o illərdə mövqelərimizdən geri çəkilirdik, indi isə mövqelərimizi irəli çəkirik. O illərdə nə qədər müharibəni çəkmək istəyirdimsə, indi bir o qədər çəkmək istəmirəm. Yetər ki, sonucda nəticə olsun. Biz qalib gələk və mən onu çəkməyəm. Hansı yaxşıdır? Ya məğlub olaq, dəxli yoxdur mən, sən onu çəkək, ya da qalib gələk, amma çəkməyək. Məğlubiyyəti çəkmək, məğlubiyyət görüntülərini əldə etmək vacibdir, yoxsa qələbəmizin görüntüləri olmasın? Halbuki, mənim bildiyim qədər bütün bu görüntülər çəkilir və savaşla bağlı bütün lazımi görüntülər var. Bu, məsələnin sırf emosional tərəfidir.
O ki qaldı məsələnin peşəkar tərəfinə, indi texnologiyalar dövrü olduğu üçün hər şeyi çəkib göstərmək, yaxud anında göstərmək düzgün deyil. Biz bunun şahidiyik. Mövqelərin göstərilməsi dərhal qarşı tərəfdən həmin mövqelərin məhv edilməsinə gətirib çıxarır. Eyni qaydada da bizim müvafiq orqanlarımız işləyir. Ona görə də bu dəqiqə nəyinsə çəkilməsi və onun dərhal göstərilməsi o qədər də məqsədəuyğun deyil. Bu, mənim - əvvəllər reportyor olmuş bir insanın sırf görüntülərlə, çəkilişlərlə bağlı fikrimdir.
İnformasiya müharibəsinin aparılmasına gəldikdə isə yenə texnologiyalar dövründə bunun üçün savaşa getmək, onun içində olmaq vacib deyil. Çünki oradan əldə olunan fotoların, videoların sayəsində çox iş görmək mümkündür. Yerdə qalır sosial şəbəkədə oturan peşəkarların bunu paylaşması. Yəni onların ümidinə, ixtiyarına qalır. Eləcə də ölkədə xeyli sayda kütləvi informasiya vasitəsi var. Əsas, aparıcı KİV-lərin ən azı bir neçə dildə paylaşım edən, yayımlanan, fəaliyyət göstərən bölmələri mövcuddur. Onların bacarığı da bu işdə çox kara gələ bilər.
Eləcə də bizim xaricdəki diasporumuz 1990-cı illərdəki azərbaycanlılar deyil. Yəni çox şey lehimizə dəyişib. Bundan sonra qalır ancaq peşəkarlıq məsələsi. Kimin bu informasiyanı necə, hansı hədəf kütləsinə çatdıracağı artıq sosial şəbəkənin deyil, daha çox bu işlə peşəkar şəkildə məşğul olan insanların işidir.
– Belə başa düşülür ki, siz bir mütəxəssis, media prodüseri kimi hazırkı vəziyyəti qaneedici sayırsınız...
– Bəli, qaneedici sayıram. Baxın, bir ölkənin kütləvi informasiya vasitələrində səhərdən axşamadək bizə qara yaxmaqla, bizə qarşı təhqiramiz və aşağılayıcı mövqe nümayiş etdirməklə məşğuldurlar. Bizimlə tam əks mövqedədirlər. Amma sonda bizə nə lazımdır? Nəticə! Düzdür? Ona görə də onların efirdə nə danışması bizim heç umrumuzda da deyil. Onların dövlət başçısı çox lakonik və bayaq söylədiyim kimi bizim lehimizə, xeyrimizə olan fikirlər söyədi. Bildirdi ki, savaş Ermənistanın ərazisində getmir. Kütləvi informasiya vasitələri onların ictimai rəyini nə qədər dəyişməyə çalışsa da sonda qərar verən şəxslər dövlətin başında duran şəxslərdir. Onlar danışıb-danışıb sonda dayanacaqlar. İllah da son 10 gündə, iki həftədə çox şey kökündən dəyişib. Çünki onların dövlət başçısı konkret şəkildə fikrini söylədi. Bu da bir daha qeyd edirəm ki, bizim xeyrimizədir.
– Amma hər halda talk-şoularda 5-6 ekspertin yığışıb Azərbaycanı ittiham etməsini, hədyanlar yağdırmasını izləmək heç də xoş deyil...
– Mən həyat görmüş insan kimi deyirəm ki, emosionallığı bir az kənara qoysaq, soyuq başla baxsaq, bu saat dünyada baş verən çox şeyin lehimizə olduğunu görərik. Və biz son nəticəyə köklənmişik. Bir-bir şəhər və kəndlərimiz azad edilir. Bilirik ki, biz indi hardayıq. Yəni sonda mənə nəticə lazımdır. Sonda mənə, sizə, hamımıza məlum dövlətin başçısının bu məsələyə müdaxilə etməməklə bağlı fikri lazım idi ki, o da fikrini söylədi. Sonda nə bizim üstümüzə gəldilər, nə də başqa bir şey oldu. Dünya dəyişib. Ona görə kiminsə atdanıb-düşməsi o qədər də vacib deyil. Amma səmimi deyim ki, bütün bunların fonunda indiki gənc nəsil, 1990-cı illərdən xaricə köçmüş və artıq orada formalaşmış soydaşlarımız həddən artıq böyük işlər görürlər. Şəxsən mən öz adıma deyirəm ki, informasiya müharibəsində göstərdiyimiz fəaliyyət azından 40/50-a bizim xeyrimizədir.
– Xarici media son vaxtlar obyektiv materiallar yayımlamağa başlayıb. Xüsusilə Fransanın “TF1” telekanalını və ABŞ-ın “Nyu York Tayms” qəzetini göstərmək olar. Buna baxmayaraq yenə də bir sıra xarici media heç bir ciddi mənbəyə istinad etmədən Azərbaycanın guya Suriyadan muzdlular cəlb etdiyini bildirir. Bu, nə dərəcədə peşəkar yanaşmadır?
– Ermənilərin həmin ölkələrin media qurumlarına güclü təsir imkanları var. Bu imkandan istifadə edib belə yalan məlumatlar yayırlar. Müəyyən ölkələr var ki, biz onlardan heç vaxt müsbət nəsə gözləməməliyik. Atalar deyib ki, uman yerdən küsərlər. Biz ummadığımız yerdən niyə küsməliyik? O ölkələr həmişə bizim əleyhimizə olub və olacaq. İndi əleyhimizə olub və olacaq deyə biz bu savaşı durduraqmı?
– Ritorik sualdır. Cavab məlumdur.
– Qurtardı getdi. Bunu deməkdə niyyətim o idi ki, sən işini görməlisən. Çünki dünyadan ədalət gözləmək mənasızdır. Heç bir anlamı yoxdur. Sən işini gör, məqsədinə nail ol. Durduğun yerdə dur, oturduğun yerdə otur. Bitdi, getdi. Otuz-qırx il əvvəlki Türkiyə ilə indiki Türkiyə arasında fərq dünyalar qədərdir. İndi hamı Türkiyəyə təzim edir, baş əyir. Niyə? Çünki qüdrətli dövlətdir. İndi biz də həmin dövlətdən biri oluruq. Ona görə də mətbuat yazır, kim nə deyir əhəmiyyət vermək lazım deyil. Hürüb-hürüb çıxıb gedəcəklər. Sizi inandırım ki, yeni il ərəfəsində hamı hər şeyi yaddan çıxaracaq. Narahat olmayın.