Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev parlamentdə çıxış edə bilmədiyi üçün narazılıq edib.
Teleqraf.com bildirir ki, deputat məsələlərin müzakirəsiz səsverməyə çıxarıldığı üçün təkliflərini səsləndirə bilmədiyini xatırladıb.
O bildirib ki, “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununun layihəsi haqqında və ikinci, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanununun layihəsi ilə bağlı çox ciddi təklifləri var idi:
“Amma nə birinci, nə də ikinci oxunuşda bunları səsləndirə bilmədim. Doğrudur, bu təklifləri yazılı formada təqdim edəcəm, amma bunun bir forması olmalıdır ki, ciddi təkliflər olduğu zaman bizim israrımızı görəsiniz”.
Spiker Sahibə Qafarova isə Razi Nurullayevə cavab olaraq deyib ki, ciddi təkliflər olduğu zaman əl qaldırmaq kifayətdir: “Mən kiminsə danışmasına heç vaxt etiraz etmirəm”.