Cənab Prezidentin Minsk Qrupu həmsədrləri isə görüşdə səsləndirdiyi fikirlərdə konkret mesajlar var idi. Bu mesajlardan istər Ermənistanın, istərsə də həmsədrlərin dərs götürməsi olduqca vacibdir. Görüşdə xüsusi olaraq Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamaması faktlarla ortaya qoyuldu. Əslində bu fikirlər prezident tərəfindən dəfələrlə səsləndirilib və iradlar həmsədrlərin nəzərinə çatdırılıb. Prezident haqlı olaraq 28 il ərzində müvafiq mandata sahib olmalarına baxmayaraq həmsdərlərin işğalçıya hər hansı təzyiq göstərmədiyini bir daha bəyan etdi.
Bu sözləri Teleqraf.com-a aşıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşünü şərh edərkən deyib.
Politoloq bildirib ki, prezident bundan sonrakı prosesdə Minsk Qrupundan hər hansı gözləntisinin olmadığını diplomatik şəkildə onların nəzərinə çatdırdı:
"Prezident torpaqların azad edilməsi kimi mübahisəsiz nəticənin qazanılmasında Fransa və ABŞ-ın həmsədr ölkələr olaraq real bir şey etmədiklərini cəsarətlə vurğuladı, həm də onu nəzərə çatdırdı ki, Azərbaycan nə bu fəaliyyətsizliyi unudacaq, nə də bundan sonra hər hansı şəkildə mənafelərimizə zidd təklifləri qəbul edəcək.
Əminəm ki, həmsədrlər və onların təmsil etdiyi ölkələr azacıq ədalətli və obyektiv olsalar, prezidentin çıxışından özləri üçün xeyli faydalı məqamlar çıxara və ədalətli tənqidi qəbul etməklə öz xarici siyasətlərinə düzəliş verə bilərlər. Əks halda bu ölkələrin regional sülh prosesində iştirakı mümkünsüz olacaq".
Yusif Bağırzadə hesab edir ki, həmin görüşdə səsləndirilən fikirlərdən dərs götürməli digər ölkə, heç şübhəsiz ki, Ermənistandır: “Görüşdə "Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik” deyən prezident bununla düşmən ölkəyə hər hansı hərbi əməliyyatların başlayacağı halda bunun necə ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq etdi. Bu xəbərdarlığın Minsk Qrupu həmsədrləri ilə görüşdə səsləndirilməsi isə həm də o anlama gəlir ki, ABŞ və Fransa Ermənistanın sonrakı davranışlarına təsir göstərməlidirlər”.