16 Dekabr 2020 20:15
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların sosial müdafiəsi Azərbaycan dövlətinin daxili siyasətində prioritet istiqamətdir. Sosial siyasət içərisində xüsusi kateqoriya insanlar var ki, onların qayğıları hər zaman diqqətdə saxlanılır. Şəhid ailələri, Qarabağ döyüşlərinin iştirakçıları, eyni zamanda valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı ölkə başçısının xüsusi diqqət və qayğısı var.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev bildirib.

Onun fikrincə, dövlət hər zaman bu kateqoriyadan olan insanların sosial müdafiəsinin güclənməsinə həssaslıqla yanaşıb: "Eyni zamanda bu ailələrə pensiya və müavinətlə yanaşı Prezident təqaüdü verilir. Paralel olaraq əlavə güzəşt və imtiyazlar mövcuddur".

Komitə sədri bu kateqoriyadan olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlətin xüsusi proqramlarını xatırladıb: “Bu cür ailələr tibb xidmət, təhsil haqqı və digər ödənişlərdən azaddır. Dövlət vəsaiti hesabına həssas təbəqənin təmsilçilərinə mənzillər, şəxsi evlər, minik avtomobilləri təqdim edilir”.

Musa Quliyev 44 günlük Vətən müharibəsində zərər görmüş ailələrlə bağlı dövlət tərəfindən zəruri addımların atıldığını söyləyib: “Bu istiqamətdə “YAŞAT” Fondunun yaradılması xüsusilə qeyd olunur. Qarabağ müharibəsinin iştirakçılarının bir çox problemləri həll ediləcək. Dövlətlə yanaşı cəmiyyət də bu proseslərdə aktiv rol alacaq. Cənab Prezidentin sərəncamı ilə müharibə zamanı zərər çəkmiş mülki vətəndaşlara dəymiş ziyan dövlət tərəfindən qarşılanacaq. Gəncə, Bərdə, Tərtərdə və digər ərazilərdə ailələrə dəymiş ziyan bütövlükdə dövlət tərəfindən qarşılanacaq. Eyni zamanda bu cür ailələrin maddi durumunun yaxşılaşdırılması üçün də konkret addımlar atılıb”.

Millət vəkili bildirib ki, erməni terroru nəticəsində evlərinə, şəxsi əmlakına dəymiş zərərə görə bütün vətəndaşlara lazımi köməklik göstəriləcək: “Bu ailələr üçün daha geniş və şəraitli mənzillər tikilib istifadəyə veriləcək. Bütün bunlar da göstərir ki, Azərbaycan vətəndaşı müdafiəsiz deyil. İstənilən vətəndaşımız, ailələrimiz dövlətin onun arxasında olduğunu hiss edir. 44 günlük döyüşlərdə və arxa cəbhədə Azərbaycan vətəndaşları çox böyük qürur və əzmlə aktiv iştirak etdi. Müharibə və pandemiya dövründə Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə yardımlar edilib. Dövlətin səfərbəredici funksiyası önə çıxır. Sosial təminatı zəif olan insanlara dövlətlə yanaşı cəmiyyətimiz də böyük dəstək verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər