16 Dekabr 2020 19:30
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Döyüş meydanında uğur qazandıqdan sonra bir çox məsələlərin həllinə nail olacağıq. “Human Rights Watch” kimi təşkilatların Azərbaycanla bağlı yaydığı sənədlərdəki informasiyanı əsas gətirərək sübutlarımızın bir hissəsi kimi istifadə etməliyik. Bu, ümumi işimizin xeyrinədir. Əgər bu cür təşkilatlar Azərbaycanla bağlı obyektiv davranırlarsa, deməli informasiya sahəsində uğurumuz böyükdür.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Deputatın fikrincə, bu cür faktların əsasında Ermənistana qarşı beynəlxalq məhkəmələrdə cəza verilməlidir: “İşğalçı dövlət buna görə Azərbaycana kompensasiya ödəməlidir. Eyni zamanda Ermənistana bu cür cinayətlərinə görə sanksiyalar tətbiq edilməlidir. Çünki müharibə zonasından kənarda Azərbaycanın mülki obyektlərinə tətbiq edilən silahlar qadağan edilmiş bombalardır. Ermənistan bu cür qadağan edilmiş silahlardan istifadəyə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Azərbaycan da bu məsələdə israrçı və davamlı olaraq tələbkar kimi çıxış etməlidir”.

Qeyd edək ki, “Human Rights Watch” insan haqları təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı klastr bombalarından istifadə edib” adlı hesabat yayıb. Təşkilat bildirir ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir. Hesabatda standart beynəlxalq nəşrlərə istinadla yazılır ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombları atıb. Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildiyini sənədləşdirib. Bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi dinc şəxs öldürülüb, iki uşaq daxil olmaqla 20 nəfər yaralanıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər