18 Dekabr 2020 21:45
4 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəhid anasının çalışdığı “Elat” quşçuluq fabriki Abşeron rayonu ərazisində yerləşməsinə baxmayaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi məsələyə qarışdıqdan sonra şəhid anası Məhbubə Hüseynova işə bərpa olunub".

Bu barədə Teleqraf.com-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, şəhid ailələri və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır: "Şəhər rəhbərliyinin tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır.

Qobustan rayonunda qeydiyyatda olan, Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Adil Akif oğlu Rzayevin anasının işdən çıxarılması ilə bağlı məsələ Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən öz həllini tapıb. Abşeron rayonunda fəaliyyət göstərən “Elat” quşçuluq fabrikində çalışan şəhid anası artıq işə bərpa olunub.

Ailə Qobustan rayonunda qeydiyyatda olmasına baxmayaraq ailənin arzusu nəzərə alınaraq şəhidimiz Adil Akif oğlu Rzayev Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Digər şəhid ailələri kimi bu ailə də diqqət mərkəzində saxlanılır. Ailəyə ərzaq və maddi yardım göstərilib".

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində şəhid olmuş Adil Akif oğlu Rzayevin anası Məhbubə Hüseynova Teleqraf.com-a şikayət etmişdi. O, bildirmişdi ki, oğlunun yeddisi çıxan kimi işlədiyi "Elat" quşçuluq fabrikindən zəng vurub onun işə çıxmasını tələb ediblər.

Ana övladının 40-ı çıxana qədər çalışdığı müəssisədən möhlət istəyib.

Məhbubə Hüseynovanın sözlərinə görə, şirkətdən bildiriblər ki, onu həmin müddətədək gözləyə bilməyəcəklər.

Teleqraf.com şəhid anasının şikayətini işıqlandırdıqdan sonra həm "Elat" quşçuluq fabrikindən, həm də Sumqayıt Şəhər İcra hakimiyyətindən məsələyə münasibət bildirilib.

Sonda şəhid anası işə bərpa olunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər