"Yoldaşımız Həsənin cəsədinin qaytarılmasını bilmirdim. Orada bizi mühasirəyə alana qədər heç nə aydın deyildi. Sonradan xəbərim oldu".
Teleqraf.com xəbər verir ki, bu sözləri 6 il erməni əsirliyində qalmış Dilqəm Əsgərov deyib.
O bildirib ki, Həsən Həsənov olmadan Kəlbəcəri 4 gün dövrə vurub: "Ancaq ondan narahat idim. Çünki o, oraları yaxşı tanımırdı. Mən həmin əraziyə gəldim. Ermənilər məni gördülər. 7 gülləm qalmışdı. Qətiyyən əsir düşmək istəmirdim. Çünki oraları mən illərdir gəzirdim. Ancaq iki helikopter, BTR, demək olar ki, bütün Ermənistan orada idi. Məni mühasirəyə aldılar. Yaralı olduğum üçün müqavimət göstərə bilmədim. Sonra Qırmızı Xaç Komitəsi ilə danışdıq. Onlara yalandan dedim ki, 4 nəfər gəlmişik. Ancaq onlar mənə hər şeyi dedilər. Bildirdilər ki, Şahbaz Quliyev əsir götürülüb, Həsən Həsənov isə vurulub".