Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşmüşdük. Mən Dilqəmgildən əvvəl əsir götürüldüm. Qol qırıq, baş qırıq, ciyərlərimi ödümə kimi dağıtmışdılar. Axşam yatmağa qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi adamı yatmağa imkan vermirdi. O səs hələ də qulağımdan getmir.
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuat konfransında 6 il düşmən girovluğunda qalmış Şahbaz Quliyev deyib.
Şahbaz Quliyev ermənilərin ona verdiyi dəhşətli işgəncələrdən söz açıb: "Onların qondarma “Milli Təhlükəsizlik Nazirliyi”nin əməkdaşları gecə dubinkaları belimizdə qırırdılar. İstəyirdilər ki, biz guya Azərbaycan tərəfindən divarsant kimi göndərildiyimizi deyək. Son günə qədər bu sözü deməyimizi istəyirdilər.
Qolum qırıq idi, gips qoymağa icazə vermədilər. Dedilər ki, ehtiyac yoxdu. Bir müddət sonra qırıq əlimə gips qoydular. Deyirdilər, üstünü ört, bilinməsin.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimi görməsinlər. Deyirdilər, evə yazdığın məktubda o barədə heç nə yazma. Mənə 22 il həbs cəzası kəsildi. Şuşada bizə çox pis baxırdılar. Sonra Azərbaycanın təzyiqi ilə Qırmızı Xaç Komitəsinin bizə qarşı münasibəti dəyişdi.
Şəhid analarının qarşısında baş əyirəm, Azərbaycan xalqını təbrik edirəm. Ümidimiz var idi ki, qayıdacağıq. İlham Əliyevin dəmir yumruğu bütün Ermənistanı silkələdi. Hələ 50 il sonra, 100 il sonra da erməni bizə bir söz deyə bilməyəcək. Ali Baş Komandanımıza təşəkkür edirəm".