Cənab Prezident Şuşada hər bir azərbaycanlının düşündüyü fikirləri söylədi. Onun Azərbaycan xalqı adından danışmağa tam haqqı çatır. Azərbaycan dövlətçiliyini möhkəmləndirmək, torpaqlarımızı, müqəddəs Şuşanı erməni işğalından azad etmək, məhz onun fəaliyyəti nəticəsində mümkün olub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun fikrincə, cənab Prezidentin Şuşaya gəlişi Azərbaycanın işğaldan azad olunan torpaqlar, konkret Şuşa üzərində öz hüququnu dünyaya göstərməsi idi:
“Cənab Prezidentin hər sözündə tarixi nəticə, dünyaya bir mesaj var. 30 ildə ilk dəfədir ki, Azərbaycan rəhbəri Şuşaya gəlir. Qalib Azərbaycan torpağının sahibi kimi Ali Baş Komandan Şuşaya getdi. Cənab Prezidentin Azərbaycan tarixi ilə bağlı söylədiyi fikirlərin böyük əhəmiyyəti var. Xüsusilə Azərbaycan xanlıqları, Şuşanın qədim Azərbaycan şəhəri, Ulu öndər Heydər Əliyevin bu şəhər üçün böyük işlər görməsindən bəhs edib. Əgər işğal olmasaydı, bu gün Şuşa dünyanın ən diqqət çəkən şəhərlərindən biri olacaqdı. Yayılan görüntülər elə təəssürat yaradır ki, Şuşa haradasa, ötən səsrin 70-80-ci illərində qalıb. Ermənistan nəinki Azərbaycanın torpaqlarını işğal etdi. Eyni zamanda əraziləri inkişafdan saxladı".
Deputat qeyd edib ki, Şuşada cənab Prezident çox mühüm mesajlar verib:
“Həmçinin, indiki Azərbaycan gəncliyi ilə fəxr duyması, gənclərimizin vətənpərvər olmasını vurğulaması dövlət rəhbərinin gənclərə verdiyi yüksək qiymətdir. Torpaqlarımızı konkret olaraq, Şuşanı Azərbaycan gəncliyi xilas etdi. Azərbaycan gəncliyi babalarının tövsiyəsini, atalarının tapşırığını böyük şərəflə yerinə yetirdi”.
Aydın Mirzəzadə bildirib ki, cənab Prezidentin Şuşada olarkən məscidlərlə yanaşı, kilsəni ziyarət etməsi Azərbaycanın multikultural dövlət olduğunu, dinlərin fəaliyyətinə şərait yaradıldığını bir daha sübut etdi:
“Cıdır düzündə cənab Prezidentin çay içməsi rəmzi xaraxter daşıyır. O göstərdi ki, Azərbaycan xalqı öz torpağının, tarixinin, mədəniyyətinin sahibidir. Heç kəs bu məsələdə ona mane ola bilməz. Hər birimiz mütləq qədim Şuşa şəhərini, məscidləri ziyarət etməliyik. Artıq Şuşanın bərpası və quruculuğu ilə bağlı çox möhtəşəm planlar hazırlanır. Ona görə də hər səfərimiz zamanı Şuşanı tanımayacağıq. Şuşa bizə daha gözəl və əzəmətli formada özünü təqdim edəcək”.