Cənab Prezident İlham Əliyev Füzuli rayonunda hava limanının təməlini qoyub. Füzulidə beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur. Hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi üçün yeni imkanlar yaradacaq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur:
“Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət təsir göstərəcək. Daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.
Vüqar Bayramova görə, Füzulidə formalaşacaq infrastruktur Azərbaycanın Qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin bir elementinə çevriləcək:
“Bu dəhliz isə “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizinə inteqrasiya olunacaq. Bu isə Füzuli hava limanının əhəmiyyətini daha da artıracaq. Hava limanının inşası eyni zamanda xarici investisiyanın cəlb edilməsi baxımdan da vacib hesab olunur. Nəticədə Qarabağımıza daha çox sərmayənin yönəldilməsi müşahidə edəcəyik”.