Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir. Tarixi torpaqlarımızdan qarşıda duran vəzifələrlə bağlı mesajlar verir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev Şuşaya qalib Ordunun, dövlətin Sərkərdəsi kimi səfər edib:
“Dövlət başçısı tərəfindən Şuşa işğaldan azad edildiyi gündən tarixi şəhərimizin dirçəldilməsi üçün əməli fəaliyyət başlanılıb. Prezident İlham Əliyev yanvarın 14-də Füzuli-Şuşa yolunun, Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydu. Şuşa səfəri zamanı dövlətimizin başçısı mühüm mesajlar verdi. Ermənistan və müvafiq beynəlxalq təşkilatlar bu mesajlardan nəticə çıxarmalıdır. Məlumdur ki, Ermənistan tərəfi münaqişənin həllini mümkün qədər uzatmağa çalışırdı. Məqsəd bu idi ki, yetişən gənc nəsillər bu problemi unutsun. Amma torpaqlarımızı işğaldan azad edən məhz gənclər oldu. Ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələri olan gənclərimiz topraqlarımızı azad etdi. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət göstərdi. Qəhrəmanlıq, güc, milli ruh, Vətən sevgisi ilə yetişən gənclik torpaqlarımızı, Şuşanı işğalçılardan azad etdi”.
Millət vəkilinin sözlərinə görə, 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var:
“Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması bizi Qələbəyə apardı. Azərbaycan tarixi ədaləti bərpa etdi. Qələbəmizin rəmzi təsadüfən Dəmir yumruq seçilməyib. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Bu yumruq, həm güc, həm birlikdir. 17 ildir ki, Prezident İlham Əliyev Azərbaycanın rəhbəridir. Bu illər ərzində Azərbaycanda yetişən vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil bu torpaqları azad etdi. Düzdür, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüş meydanında Müzəffər Ali Baş Komandan, diplomatiya masasında mahir və məharətli diplomat olan Prezident İlham Əliyevin timsalında bu, sübut olundu”.